Polşa Ukraynaya iki MiQ-29 qırıcısı verəcək
Polşa yaxın vaxtlarda Ukraynaya sovet istehsalı olan iki MiQ-29 qırıcı təyyarəsi və döyüş sursatları təhvil verəcək.
Crossmedia.az xəbər verir ki, “Rzeczpospolita” nəşri bu barədə Polşa Milli Müdafiə Nazirliyinin Strategiya və Müdafiə Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarələr və döyüş sursatları təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketinə daxil ediləcək.
Qırıcıların nə vaxt təhvil veriləcəyi ilə bağlı sualı cavablandıran Lukovski qərarın artıq qəbul olunduğunu bildirib.
“Yaxın gələcəkdə. Qərar qəbul edilib və bu iki MiQ-29 Ukraynaya təhvil veriləcək”, – deyə o vurğulayıb.
Nəşrin məlumatına görə, təyyarələrdən birinin istismar resursu başa çatıb, digəri isə uçuşa yararlıdır.
Yeni yardım paketinə 155 və 152 millimetrlik artilleriya sursatları, F-16 qırıcıları üçün döyüş sursatları, həmçinin “Piorun” daşınan zenit-raket kompleksləri üçün raketlərin daxil edilməsi nəzərdə tutulur.
Polşa Milli Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını təsdiqləyib.
Qurumdan bildirilib ki, yardımın həcmi ölkənin milli təhlükəsizlik ehtiyacları və Polşa ordusunun imkanları nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Nazirlik həmçinin istismar müddəti başa çatdığı üçün Polşa ordusunun silahlanmasından çıxarılan bəzi hərbi texnikaların Ukraynaya verilə biləcəyini açıqlayıb.
Bununla belə, yardım paketinə daxil ediləcək silah və texnikaların tam siyahısı məxfilik səbəbindən açıqlanmayıb.
14:18 29.10.2026
Oxunuş sayı: 54