Zelenski: Rusiya Kiyevə 172 dron və 36 raketlə hücum edib
Rusiya ordusu noyabrın 7-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə və ətraf ərazilərə genişmiqyaslı hava hücumu həyata keçirib. Hücumun əsas hədəfinin enerji infrastrukturu olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Telegram kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri hücum zamanı ümumilikdə 172 pilotsuz uçuş aparatı (PUA) və 36 ballistik raketdən istifadə edib.
“Bu, kombinə edilmiş hücum idi. Bütün raketlər Kiyev və Kiyev vilayətinə yönəldilmişdi. Zərbələrin əsas hədəfi əvvəlki kimi enerji infrastrukturu olub”, – deyə Ukrayna Prezidenti bildirib.
O qeyd edib ki, hücum nəticəsində paytaxtda elektrik enerjisi, su və istilik təchizatı ilə bağlı ciddi çətinliklər yaranıb.
Zelenski Kiyev vilayətində Ukraynanın iki atom elektrik stansiyasını paytaxt və mərkəzi bölgələrlə birləşdirən yarımstansiyaların da zərbələrə məruz qaldığını açıqlayıb.
Söhbət Rovno və Xmelnitski atom elektrik stansiyalarının enerji ötürülməsini təmin edən yarımstansiyalardan gedir.
Rusiya Müdafiə Nazirliyi isə hücumlarla bağlı ayrıca açıqlama yayıb.
Rusiya tərəfi Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal körpüsünü vurduğunu bildirib. Nazirliyin iddiasına görə, körpüdən Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnikanın daşınmasında istifadə olunurdu.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyi “Flaminqo” qanadlı raketləri və operativ-taktiki raketlər istehsal edən sənaye müəssisəsinə, Brovarı şəhərində sursat, partlayıcı maddələr və barıt istehsalı obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Nazirlik həmçinin Jitomir vilayətində Ukraynanın hərbi-sənaye müəssisələrini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın vurulduğunu iddia edib.
Tərəflərin hücumların nəticələri və vurulan obyektlərlə bağlı açıqlamaları müstəqil şəkildə tam təsdiqlənməyib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri 149 pilotsuz uçuş aparatını və 4 raketi məhv edib və ya zərərsizləşdirib.
14:08 07.11.2026
Oxunuş sayı: 44