Hörmüz boğazı yaxınlığında neft tankeri minaya düşüb
Hörmüz boğazının şərqində neft tankeri dəniz minasına toxunaraq yanıb və hərəkət qabiliyyətini itirib.
Crossmedia.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri noyabrın 5-də bu barədə məlumat yayıb.
Bildirilib ki, tanker Hörmüz boğazının şərqində təhlükəli hesab edilən sularda hərəkət edərkən dəniz minasına toxunub. Nəticədə gəmidə yanğın başlayıb və onun hərəkəti dayanıb.
İran tərəfinin iddiasına görə, tanker hadisə zamanı naviqasiya və identifikasiya sistemlərini söndürərək icazə verilməyən marşrutla hərəkət edib.
İran Hərbi Dəniz Qüvvələri gəmi sahiblərinə xəbərdarlıq edərək Hörmüz boğazından koordinasiya olmadan və qadağan edilmiş marşrutlarla keçməyin ciddi təhlükə yaratdığını bildirib.
Məlumatda tankerin adı, hansı ölkəyə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və mümkün itkilər barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, son günlər Hörmüz boğazında digər tankerlərin də mina partlayışları nəticəsində yanması barədə İran tərəfinin məlumatları yayılıb.
14:22 07.11.2026
Oxunuş sayı: 37