ABŞ təhlükəsizlik səbəbindən dünya çempionatından imtina edib
ABŞ-nin 17 yaşadək futbolçulardan ibarət milli komandası təhlükəsizliklə bağlı narahatlıqlara görə Qətərdə keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
ABŞ Futbol Federasiyası qərarı Yaxın Şərqdə davam edən hərbi münaqişələr və regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqələndirib.
Federasiya futbolçulara göndərdiyi məktubda komandanın turnirə hazırlıq toplanışının və çempionatda iştirakının ləğv edildiyini bildirib.
Qərarın qəbulunda ABŞ Dövlət Departamentinin Qətərlə bağlı üçüncü səviyyəli səyahət xəbərdarlığı əsas götürülüb. Xəbərdarlıqda silahlı münaqişə riski səbəbindən ölkəyə səfərlərin yenidən nəzərdən keçirilməsi tövsiyə olunur.
Federasiya futbolçuların və məşqçi heyətinin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
FIFA da ABŞ millisinin turnirdən imtina etməsi barədə məlumatlandırıldığını təsdiqləyib. Təşkilat bildirib ki, Qətərdə keçiriləcək yarışla bağlı təhlükəsizlik qiymətləndirməsi dəyişməyib və vəziyyətə təsir edən yeni hadisə qeydə alınmayıb.
Qeyd edək ki, 48 komandanın iştirakı ilə keçiriləcək U-17 dünya çempionatı noyabrın 19-da başlayacaq və dekabrın 13-də başa çatacaq.
ABŞ millisi noyabrın 21-də ilk oyununu Monteneqroya qarşı keçirməli idi. Komandanın qrup mərhələsində digər rəqibləri Çili və Əlcəzair yığmaları olub.
17:52 12.11.2026
Oxunuş sayı: 38