Türkiyədən dünyaya çağırış: İqlim maliyyəsi artırılmalıdır
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qlobal iqlim maliyyələşdirməsinin 2035-ci ilədək ən azı 6,2 trilyon dollara çatdırılmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) təşkil etdiyi Biznes və İnvestisiya Zirvəsində çıxış edib.
O, qlobal liderləri iqlim maliyyəsini ağır sənayenin ekoloji cəhətdən təmiz istehsala keçidinə yönəltməyə çağırıb.
“Yaşıl sənayeləşmə iqlim məqsədləri ilə iqtisadi rəqabət qabiliyyətinin kəsişdiyi sahələrdən biridir”, – deyə vitse-prezident vurğulayıb.
Yılmazın sözlərinə görə, 2024-cü ildə təxminən 2 trilyon dollar olan qlobal iqlim maliyyəsinin həcmi 2035-ci ilədək ən azı 6,2 trilyon dollara yüksəlməlidir.
O bildirib ki, Çin istisna olmaqla, inkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar hazırda bu istiqamətdə təxminən 426 milyard dollar maliyyə vəsaiti əldə edir.
Vitse-prezident qeyd edib ki, 2026–2035-ci illərdə aşağı və sıfıra yaxın emissiyalı polad və sement istehsalına 500 milyard dollardan çox investisiya tələb olunur. Bununla belə, yekun investisiya qərarı verilmiş layihələrin ümumi dəyəri cəmi 20 milyard dollar təşkil edir.
Onun sözlərinə görə, bu fərq maliyyəyə və infrastruktura çıxışın, sabit tələbin və uzunmüddətli bazar proqnozlaşdırılmasının əhəmiyyətini göstərir.
Yılmaz COP31 çərçivəsində təqdim olunan Antalya Yaşıl Sənayeləşmə Sazişinin ölkələrdə təmiz sənaye texnologiyalarına keçidi sürətləndirməyi hədəflədiyini bildirib.
O, Türkiyənin 2043-cü ilədək xalis sıfır emissiya məqsədinə çatmasında idxal olunan qalıq yanacaqlardan asılılığın azaldılmasının mühüm rol oynayacağını qeyd edib. Bu istiqamətdə tədbirlərin ölkənin cari əməliyyatlar hesabı kəsirinin azalmasına da töhfə verəcəyi gözlənilir.
Vitse-prezident, həmçinin inkişaf etməkdə olan ölkələrin iqlim və inkişaf prioritetlərini investisiya layihələrinə çevirməsinə dəstək göstərən “İqlim Fəaliyyət Körpüsü” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Yılmaz əlavə edib ki, enerji şəbəkələrinin modernləşdirilməsi, süni intellekt və rəqəmsal enerji idarəetmə sistemlərinin tətbiqi yaşıl keçidin iqtisadi səmərəliliyini artıracaq.
17:04 12.11.2026
Oxunuş sayı: 32