Qars şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş keçirilib
Türkiyənin Qars şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan Zəfər yürüşü təşkil edilib.
Crossmedia.az xəbər verir ki, yürüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Qars Valiliyi, Qars Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə keçirilib. Yürüşdə Qars valisi Ziya Polad, Qars Bələdiyyəsinin sədri Ötüken Senger, Qarsın rəsmi şəxsləri, çoxsaylı soydaşlarımız və şəhər sakinləri iştirak edib.
Azərbaycan və Türkiyə bayraqları ilə müşayiət olunan yürüş qardaş ölkələr arasında sarsılmaz birliyin, ortaq tarixə və milli dəyərlərə bağlılığın növbəti təzahürü olub.
Yürüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyəti vurğulanıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirin əsas məqsədi Qarabağ Zəfərinin yaddaşlarda yaşadılması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəylik ruhunun daha da möhkəmləndirilməsi olub.
17:20 12.11.2026
Oxunuş sayı: 44