Nyu Yorkda Zəfər Günü münasibətilə Azərbaycan Bayrağı ucaldılıb
ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin dəstəyi, Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Üçrəngli bayrağımız şəhərin ən çox ziyarət edilən məkanlarından biri, eyni zamanda maliyyə mərkəzi kimi tanınan Uoll-Strit küçəsində yerləşən Boulinq-Qrin parkındakı nəhəng bayraq dirəyinə qaldırılıb. Mərasimdə Nyu Yorkdan və ətraf ştatlardan olan Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları və çoxsaylı soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxışında xalqımızın tarixən üzləşdiyi ağır sınaqlardan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində, şəhidlərimizin canı və qanı bahasına qazanılan tarixi Zəfərdən danışıb. Diplomat bildirib ki, bu məkanda Azərbaycan Bayrağının ucaldılması 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin, xalqımızın sarsılmaz birliyinin və milli qürurunun dünyanın ən böyük şəhərlərindən birində nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev dünya azərbaycanlılarının həmrəyliyindən, Vətən müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının gördüyü işlərdən bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən soydaşlarımızın həmrəyliyinin xalqımızın ən böyük güc mənbələrindən biri olduğunu vurğulayıb.
Çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız Nyu York səmasında ucaldılıb. Dövlət bayrağımız ABŞ bayrağı ilə yanaşı dalğalanmağa başlayıb.
Mərasim yerli sakinlərin və turistlərin də marağına səbəb olub. Onlar Azərbaycan Bayrağı fonunda xatirə şəkilləri çəkdirib, tədbir iştirakçıları isə ölkəmiz haqqında məlumatları onlarla bölüşüblər.
Qeyd edək ki, Nyu Yorkun ilk rəsmi parkı olan və iriölçülü bayraqların nümayişi ilə tanınan Boulinq-Qrin parkında Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün ərzində dalğalanacaq.
12:57 10.11.2026
Oxunuş sayı: 7