Ukrayna “Starlink” xidmətlərinin qəsdən məhdudlaşdırılmasından şübhələnir
Ukraynanın yüksəkvəzifəli rəsmiləri ABŞ-nin Kiyevə təzyiq göstərmək və sülh danışıqlarında Rusiyanın mövqeyini gücləndirmək məqsədilə “Starlink” peyk rabitəsi xidmətlərini qəsdən məhdudlaşdıra biləcəyindən şübhələnirlər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna tərəfi “Starlink” xidmətlərinin fəaliyyətində yaranan məhdudiyyətlərin arxasında siyasi motivlərin dayana biləcəyini ehtimal edir.
Adı açıqlanmayan yüksəkvəzifəli rəsmilərdən biri bildirib ki, Vaşinqtonun məqsədi sülh danışıqları zamanı Moskvaya üstünlük qazandırmaq ola bilər.
Digər ukraynalı rəsmi isə məhdudiyyətlərin səbəbinin hələ də aydın olmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti yaranmış vəziyyətlə bağlı izahat təqdim etməyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl peyk rabitəsi sistemində saatda 161 kilometr sürət həddinin tətbiq olunduğunu və bunun Rusiya pilotsuz uçuş aparatlarının qarşısının alınmasını çətinləşdirdiyini bildirmişdi.
Bununla belə, ABŞ-nin məhdudiyyətləri qəsdən tətbiq etməsi və bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməsi barədə iddialar təsdiqlənməyib.
17:23 12.11.2026
Oxunuş sayı: 37