İtlərin hücumundan sonra zərərçəkən kompensasiya ala bilər
Bakıda və ölkənin müxtəlif bölgələrində sahibsiz itlərin insanlara hücum
etməsi ilə bağlı hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə
uşaqların, yaşlı insanların və küçədə hərəkət edən vətəndaşların it hücumlarına
məruz qalması problemin artıq yalnız heyvanlarla bağlı məsələ olmadığını, həm
də ictimai təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Hər dəfə belə hadisə
baş verəndə müzakirələr başlayır, aidiyyəti qurumların məsuliyyəti gündəmə
gəlir, lakin bir müddət sonra məsələ yenidən unudulur və küçələrdəki vəziyyət
dəyişməz qalır.
Problemin digər tərəfi isə sahibsiz heyvanların özlərinin də nəzarətsiz
şəraitdə yaşamasıdır. Küçələrdə nəzarətsiz çoxalma, peyvəndləmə və
sterilizasiya tədbirlərinin yetərli olmaması, sığınacaqların imkanları və
heyvanları küçəyə atan şəxslərin məsuliyyəti məsələnin kompleks həllini zəruri
edir. Bu baxımdan yalnız itlərin küçələrdən götürülməsi ilə problemin aradan
qalxacağını düşünmək düzgün olmaz. Davamlı nəticə üçün həm heyvanların
qorunmasını, həm də insanların təhlükəsizliyini təmin edən sistemli mexanizm
qurulmalıdır.
Məsələ təkcə ictimai narazılıq və ya mənəvi məsuliyyətlə də məhdudlaşmır. Sahibsiz itin hücumu nəticəsində insan xəsarət aldıqda hüquqi məsuliyyətin kimə aid olması, zərərçəkənin hansı quruma müraciət edə bilməsi və aidiyyəti qurumların üzərinə düşən öhdəliklər də suallar doğurur. Mövcud qanunvericilik bu hallarda hansı hüquqi mexanizmləri nəzərdə tutur, vətəndaşın təhlükəsizliyi təmin edilmədikdə hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, əgər vətəndaş yaşadığı ərazidə sahibsiz itlərin çoxluğu, onların mütəmadi olaraq insanlara hürməsi və hücum etməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edibsə, lakin şikayətinə heç bir reaksiya verilməyibsə, problemin aradan qaldırılması istiqamətində tədbir görülməyibsə, sonradan həmin itlərin hücumu nəticəsində zərər çəkdiyi halda, məsələ hüquqi müstəvidə qiymətləndirilə bilər:
“Belə vəziyyətdə dövlət qurumlarının əməkdaşlarının etinasızlığı, vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya hərəkətsizliyi nəticəsində vətəndaşa zərər dəyməsi məsələsi gündəmə gəlir. Əgər qurumların hərəkətsizliyi ilə dəymiş zərər arasında səbəbli əlaqə sübuta yetirilərsə, zərərçəkmiş şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edərək dəymiş zərərin kompensasiya olunması tələbi ilə iddia qaldıra bilər”.
Məhəbbət Tərlanoğlu
18:50 12.11.2026
Oxunuş sayı: 44