Komitə sədri Düsseldorf və ətraf şəhərlərdəki soydaşlarımızla görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərində yaşayan soydaşlarımızla görüşüb.
Crossmedia.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.
“Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının üzvü Səbinə Məmmədova Azərbaycan musiqisinin və mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. O, diaspor fəaliyyətinə göstərilən dövlət dəstəyinə və soydaşlarımıza yaradılan imkanlara görə minnətdarlığını bildirib.
Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmov Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətindən diqqət çəkib. Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu vurğulayıb.
Komitə sədri iştirakçıları səmimi salamlayaraq Zəfər Günü ərəfəsində keçirilən icma görüşünün xüsusi rəmzi məna daşıdığını bildirib, soydaşlarımızı əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazıb, torpaqlarımız işğaldan azad olunub. Daha sonra komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb. Soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkürünü ifadə edib.
Tədbirin gedişində Zəfər Gününə həsr olunan videoçarxın nümayişi böyük maraqla izlənilib.
Görüşün əsas mövzularından biri Düsseldorf şəhərində Azərbaycan Evinin yaradılması istiqamətində atılan ilkin addımlar olub. Gələcək mərkəzin fəaliyyəti, soydaşlarımızın vahid məkan ətrafında birləşməsi, ana dilimizin, milli mədəniyyətimizin və adət-ənənələrimizin yaşadılmasına verəcəyi töhfələr müzakirə edilib.
Görüşdə soydaşlarımızın sualları cavablandırılıb. İştirakçılar diaspor fəaliyyətinin daha da gücləndirilməsi, gənc nəslin milli kimlik ruhunda yetişdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Almaniyada doğulub böyüyən azərbaycanlı uşaqların ifasında Azərbaycan musiqiləri səsləndirilib.
İcma görüşündə Almaniyanın Düsseldorf, Köln, Essen, Merbuş, Qrevenbroyx, Duysburq, Gelzenkirxen, Vuppertal, Velbert, Mülhaym-an-der-Rur, Viersen, Bonn, Noys, Krefeld, Bottrop, Ştutqart, Horstmar, Oberhauzen, Münster, Boxum, Qummersbax, Dortmund, Kleve və Hilden şəhərlərindən 150-dən çox soydaşımız iştirak edib.
Qeyd edək ki, son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilir.
15:02 13.11.2026
Oxunuş sayı: 43