Kallas: Rusiyanın tələsinə düşməməliyik
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı tələblərinin müzakirəsinin diqqəti Ukraynada atəşkəsin olmamasından yayındıracağını bildirib.
Crossmedia.az xəbər verir ki, Kaya Kallas bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Rusiyanın təhlükəsizliklə bağlı tələblərinin gündəmə gətirilməsi Moskvanın maraqlarına xidmət edə bilər.
“Əgər Rusiyanın təhlükəsizlik arxitekturası ilə bağlı tələblərini müzakirə etməyə başlasaq, onun bizim üçün qurduğu tələyə düşərik”, – deyə Kallas bildirib.
O qeyd edib ki, bu cür müzakirələr Ukraynada atəşkəsin hələ də əldə olunmaması məsələsini arxa plana keçirir.
“Biz atəşkəsin olmadığı faktından diqqəti yayındırır və bunun əvəzinə Rusiyanın iddialarını dinləməyə başlayırıq”, – deyə Avropa İttifaqının rəsmisi vurğulayıb.
Kallas tərəfləri mövcud vəziyyətə diqqət yetirməyə çağırıb.
“Gəlin, hazırda qarşımızda duran məsələyə diqqət yetirək. Bir təcavüzkar və bir zərərçəkən tərəf var. Təcavüzkarın isə təhlükəsizliklə bağlı narahatlığı yoxdur”, – deyə o bildirib.
14:20 13.11.2026
Oxunuş sayı: 42