Deputat iri dövlət layihələri üçün yeni maliyyə mexanizmi təklif edib
Deputat iri dövlət investisiya layihələri üçün “10 illik maliyyə öhdəliyi pasportu” mexanizminin tətbiqini təklif edib.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
Deputat bildirib ki, təklif olunan mexanizmə əsasən, hər bir iri layihə təsdiqlənməzdən əvvəl onun yalnız tikinti dəyəri deyil, gələcək istismar xərcləri, təmir ehtiyacları və mümkün qənaət imkanları da hesablanaraq təqdim olunmalıdır.
O qeyd edib ki, bu gün qəbul edilən investisiya qərarları gələcək illərin büdcəsi üçün uzunmüddətli maliyyə öhdəliyi yaradır:
“Dövlət proqramlarının maliyyələşdirilməsində müəyyən dövrilik prinsipi tətbiq oluna bilər. Hesab edirəm ki, bəzi dəstək proqramları üçün üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsi aparılması məqsədəuyğundur. Əgər proqram qarşıya qoyulan məqsədə çatırsa, davam etdirilsin. Əgər nəticələr zəifdirsə, mexanizm dəyişdirilsin. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilsin. Burada söhbət sosial hüquqların və dövlətin vətəndaş qarşısındakı öhdəliklərinin məhdudlaşdırılmasından getmir. Söhbət dövlət vəsaitindən daha ağıllı istifadə olunmasından gedir”.(APA)
14:23 13.11.2026
Oxunuş sayı: 46