Rusiya Finlandiyanın NATO-dan çıxmasını tələb edir
Rusiya Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Əbu-Dabidə keçirilən danışıqlarda Finlandiyanın NATO-dan çıxmasını və Donbas bölgəsinin tamamilə Moskvanın nəzarətinə verilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya nümayəndələri qeyri-rəsmi danışıqlarda Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan təkliflər irəli sürüblər.
Moskvanın şərtlərinə əsasən, Rusiya hazırda nəzarətində saxladığı Ukrayna ərazilərini özündə saxlamalı, həmçinin bütün Donbas bölgəsinə nəzarəti əldə etməlidir.
Bu halda Ukrayna Donetsk və Luqansk vilayətlərinin hələ də Kiyevin nəzarətində olan hissələrindən imtina etməlidir.
Rusiyanın digər tələbləri arasında Finlandiyanın NATO-dan çıxması və alyansın Baltikyanı ölkələrdə hərbi bazalar yerləşdirməsinə qadağa qoyulması da var.
Bundan əlavə, Moskva Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini və Odessa ilə Nikolayev limanlarının hərbsizləşdirilməsini istəyir.
“Bild”in məlumatına görə, Rusiya qarşılıqlı güzəşt kimi Belarusda yerləşdirilmiş nüvə silahlarını geri çəkməyə hazır olduğunu bildirib.
Nəşr qeyd edir ki, bunlar qeyri-rəsmi danışıqlar çərçivəsində müzakirəyə çıxarılan təkliflərdir. Rusiya Prezidenti Vladimir Putinin həmin planı təsdiqləyib-təsdiqləmədiyi məlum deyil.
Təkliflərin rəsmi şəkildə qəbul edilməsi və ya tərəflər arasında razılaşmanın əldə olunması barədə məlumat yoxdur.
14:51 13.11.2026
Oxunuş sayı: 41