Bakının havasını zəhərləyən əsas mənbə AÇIQLANDI – Tədbirlər görülməlidir
Bakıda hava keyfiyyəti ilə bağlı müzakirələrdə nəqliyyat vasitələrindən atılan tullantılar, sənaye fəaliyyəti və tozlanma əsas amillər sırasında göstərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda atmosferə atılan zərərli maddələrin 88 faizi avtomobillərin payına düşüb.
Bakıda hava çirkliliyinin səviyyəsinə meteoroloji şərait və şəhərdəki intensiv nəqliyyat hərəkəti də təsir göstərir. Bəs paytaxtda hava çirkliliyinin əsas mənbələrini azaltmaq üçün hansı tədbirlər görülməlidir?
Crossmedia.az-a açıqlamasında ekoloq Sadiq Həsənov Bakı şəhərində atmosfer çirklənməsinə avtomobil nəqliyyatının təsirinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, köhnə avtomobillərin çoxluğu və yanacaqla işləyən nəqliyyat vasitələrinin üstünlük təşkil etməsi havanın keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdəndir.
“Bakı şəhərinin çirklənməsində avtomobil nəqliyyatının çox böyük təsiri var. Ümumi çirklənmənin 70-80 faizi avtomobil nəqliyyatının üzərinə düşür. Çünki avtomobil nəqliyyatı mobildir. Nəqliyyatın təxminən 80 faizə qədəri, hətta 90 faizə qədəri dizel və benzin tipli nəqliyyat vasitələridir. Benzin və dizel yanarkən atmosferə həddindən çox zəhərli maddələr atılır. Bunlara karbon dioksid, karbon monoksid, azot oksidləri və digər tullantılar, o cümlədən PM2.5 və PM10 ölçülü xırda hissəciklər daxildir. Bunlar dünyada da həddindən artıq nəzarət olunan tullantılardır. Çünki asılı vəziyyətdə olan kiçik ölçülü hissəciklərdir və atmosferdə xüsusi çirklənmə yaradır”, - deyə ekoloq qeyd edib.
Sadiq Həsənov bildirib ki, sənaye müəssisələrinin də atmosfer çirklənməsində payı var, lakin şəhərdə bu təsirin müəyyən qədər azaldığını qeyd edib: “Sənayenin payı 15-20 faizdir. Xüsusən şəhərin ərazisində olan sənaye müəssisələrində çoxlu təmizləyici qurğular quraşdırılıb, xüsusən neft emalı zavodunda və digər müəssisələrdə. Müəyyən qədər Sovet dövləti dağıldıqdan sonra sənaye müəssisələrinin fəaliyyəti dayandı, ona görə sənayenin təsiri kifayət qədər azalıb”.
Onun sözlərinə görə, Azərbaycanda avtomobil parkının böyük hissəsini benzin və dizellə işləyən nəqliyyat vasitələri təşkil edir: “Hazırda 1,9 milyona qədər avtomobil nəqliyyatı var. Bunun da 90 faizi dizel və benzin tipli mühərriklərdir. 10 faiz və 10 faizdən də aşağı olan hissəsi elektrik və hibrid avtomobillərdir ki, bunların da sayı artmaqda davam edir. Düşünürəm ki, avtomobil nəqliyyatının payı Bakı şəhərində çirklənməyə təsir edən əsas amillərdən biridir. Burada artıq tədbirlər görülməlidir, avtomobillər sürətli hərəkət etməlidir”.
Ekoloq köhnə avtomobillərin atmosferə təsirinə də diqqət çəkib: “Köhnə avtomobillərin sayı 50 faizdən yuxarıdır. 10 il və daha yuxarı, hətta 20 il və daha yuxarı avtomobillər 30-35 faiz təşkil edir. 30 il və daha yuxarı avtomobillər isə 10-15 faizə qədərdir. Bunlar köhnə avtomobillərdir, həm yanacaqdan çox istifadə edirlər, həm də atmosferin çirklənməsində böyük paya malikdirlər. Bunlar müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə nəfəs orqanlarına, ürək-damar sisteminə müəyyən qədər təsir edib insanlarda xəstəliklər yarada bilirlər”.
Sadiq Həsənov hesab edir ki, atmosfer çirklənməsinin təsirlərini azaltmaq üçün yol kənarlarında yaşıllıq sahələrinin artırılması da vacibdir: “Əvvəla, yol kənarlarında yaşıllıq sahələri olmalıdır. Yaşıl sahələr həm səs-küyü azaldır, eyni zamanda tullantıların yayılmasının qarşısını alır və onları müəyyən dövr ərzində saxlaya bilir. Sonradan yağış yağdıqda onlar torpağa çökürlər və çirklənmə aşağı düşür”.
Ekoloq avtomobil nəqliyyatının elektrikləşdirilməsini də vacib istiqamət kimi göstərib: “Avtomobil nəqliyyatında mütləq elektrik və hibrid avtomobillərə keçid formalaşmalıdır. Bizdə bu, çox aşağı səviyyədədir. Ölkədə müəyyən islahatlar çərçivəsində vergi güzəştləri var idi, onlar da bu il ləğv olundu. Mən deyərdim ki, bu, ciddi təsir göstərdi və onların sayının artmasında azalma baş verdi. Məsələn, Çində elektrik avtomobilləri 40 faizə qədər təşkil edir. Norveçdə isə bu göstərici hardasa 50 faizə qədərdir və bütün dünyada nəqliyyat sistemi sürətlə elektrikləşir”.
“Elektriklə işləyən nəqliyyatda səs olmur, tüstü olmur. Bu da müəyyən qədər atmosferin təmizlənməsində həlledici paya malik ola bilər. Gələcəkdə Bakı şəhərinin təmizlənməsi üçün birinci növbədə yol budur”, - deyə Sadiq Həsənov vurğulayıb.
Nigar Xəlilli
20:15 25.09.2026
Oxunuş sayı: 38