Cavanşir Feyziyev: 27 Sentyabr Azərbaycan tarixinin qürurverici səhifələrindən biridir
27 Sentyabr Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyi Anım Günüdür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və bu tarix sonradan şəhidlərin xatirəsinə ehtiram günü kimi təsis olunub. Anım Günü hər il şəhidlərin xatirəsinin yad edilməsi, onların göstərdiyi fədakarlığın xatırlanması və Vətən müharibəsinin Azərbaycan tarixindəki yerinin bir daha vurğulanması ilə qeyd olunur.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev 27 Sentyabrın Azərbaycanın Vətən müharibəsinin başladığı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin əsasını qoyduğu gün kimi mühüm əhəmiyyət daşıdığını bildirib:
“27 Sentyabr Azərbaycan tarixinin qürurverici səhifələrindən biridir. Məhz 27 sentyabrdan başlayan zəfər marşı noyabrın 10-dək davam etdi və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın böyük bir hissəsi azad edildi. Daha sonra 2023-cü ilədək həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ölkəmizin beynəlxalq birlik tərəfindən rəsmən tanınmış bütün əraziləri üzərində suverenliyimizin tam şəkildə bərpa olunması ilə nəticələndi”, - deyə deputat qeyd edib.
Cavanşir Feyziyev bildirib ki, Vətən müharibəsində əldə olunan nəticə Azərbaycanın regiondakı mövqeyinə də təsir edən mühüm tarixi hadisədir: “Bu savaşda Azərbaycan sadəcə erməni işğalçılarına qalib gəlmədi. Azərbaycan Cənubi Qafqaz ətrafında özündən qat-qat güclü dövlətlərin qurduğu məkrli xəyanət planlarını alt-üst edərək öz torpaqlarına sahib çıxdı. Bu, çox böyük tarixi hadisədir və bütün gələcək dövrlərdə də xalqımıza qürur yaşadacaq bir qələbədir”.
Onun sözlərinə görə, əldə olunan qələbədə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqla yanaşı, milli həmrəyliyin də mühüm rolu olub: “Vətən müharibəsində əldə olunmuş tam və qəti qələbəmiz əsgər və zabitlərimizin döyüş bölgələrində göstərdiyi misilsiz qəhrəmanlıq və xalqımızı Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşdirən ümummilli həmrəyliyimiz sayəsində mümkün olub. Gələcək nəsillərin bu qələbədən alacağı dərs və çıxaracağı nəticə də ondan ibarətdir ki, milli həmrəyliyimiz milli maraqların qorunmasında həmişə əsas və həlledici amil olub və qələbəmizi daimi və davamlı etmək üçün gələcəkdə də belə olmalıdır”.
Deputat 27 Sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd olunmasının əhəmiyyətini də vurğulayıb: “Bu baxımdan Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması da mühüm əhəmiyyət daşıyır. Bu, hər şeydən öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həyatını əsirgəməyən şəhidlərimizə ümumxalq ehtiramının və onların doğmalarına ümumxalq minnətdarlığının ifadəsidir. Allah şəhidlərimizə rəhmət eləsin”.
Nigar Xəlilli
20:59 25.09.2026
Oxunuş sayı: 42