TikTok uşaqların məlumatlarını sızdırdı: sosial şəbəkələrə yeni qaydalar gəlir
TikTok uşaqların şəxsi məlumatlarının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə Böyük Britaniyada 12,7 milyon funt sterlinq cərimə ilə üzləşib. Şirkət qərardan verdiyi apellyasiya şikayətini geri götürüb və bununla da cərimə üzrə hüquqi proses yekunlaşıb.
Qərar sosial media platformalarının uşaqların məlumatlarının qorunması ilə bağlı öhdəliklərini və bu sahədə qanun pozuntularına görə tətbiq olunan məsuliyyət tədbirlərini yenidən gündəmə gətirib.
Crossmedia.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən tənzimləmələrin nəzərdə tutulduğunu bildirib: “Bir sıra ölkələr sosial şəbəkə platformalarının sahibi olan şirkətlərlə, o cümlədən Meta, TikTok və digər bu qəbildən olan şirkətlərlə müqavilələr bağlayır. Həmin ölkələrdə vətəndaşların məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də sosial şəbəkələrin ölkə ərazisində fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra qanunlar qəbul olunub. Azərbaycanda da bu məsələ ölkə qanunvericiliyinə uyğun şəkildə tənzimlənir və bununla bağlı bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib”.

Ramil Süleymanovun sözlərinə görə, görülən tədbirlər yalnız uşaqların gələcək təhlükələrdən qorunması və fərdi məlumatların mühafizəsi ilə məhdudlaşmır: “Burada təkcə uşaqların gələcək təhlükələrdən qorunması, o cümlədən fərdi məlumatların mühafizəsi deyil, eyni zamanda sosial şəbəkə şirkətlərinin özbaşınalığının qarşısının alınması da nəzərdə tutulur”.
Hüquqşünas bildirib ki, sosial şəbəkə şirkətlərinin fəaliyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də müəyyən cərimələr əlavə edilib. O qeyd edib ki, bu dəyişikliklərin qüvvəyə minməsi qanunla, səhv etmirəmsə, gələn ildən nəzərdə tutulub.
Nigar Xəlilli
18:00 25.09.2026
Oxunuş sayı: 36