27 Sentyabr: Şəhidlərin xatirəsindən Zəfər tarixinin başlanğıcına
27 Sentyabr Azərbaycan tarixinin ən ağır və eyni zamanda dönüş yaradan günlərindən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günü olmaqla yanaşı, torpaqların azadlığı uğrunda həyatını itirən şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür. Prezidentin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə sentyabrın 27-si hər il Azərbaycanda Anım Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən 44 günlük müharibə Azərbaycanın sonrakı tarixində mühüm siyasi və hərbi hadisə kimi yadda qaldı. Müharibə dövründə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa daxil olmaqla bir sıra yaşayış məntəqələri və ərazilər üzərində nəzarət bərpa edildi. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması prosesi başa çatdı.
Mövzu ilə bağlı tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov Crossmedia.az-a açıqlamasında bildirib ki, 27 sentyabr Şəhidlərimizin Anım Günüdür: "Bu tarix üzərindən neçə onilliklər, neçə əsrlər keçsə də, heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq. Çünki onlar adlarını tariximizə öz qanları ilə yazıblar. 30 ilə yaxın müddətdə Azərbaycan sülh yolu ilə münaqişənin həllinə çalışsa da, Ermənistanın məsələlərə qeyri-konstruktiv yanaşması İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və diplomatik bacarıqları Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırdı. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq və sərrast cavablar müharibənin taleyində xüsusi rol oynadı. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirdi".

Tarixçi qeyd edib ki, 27 sentyabr 2020-ci ildə əks-hücumla başlanan Vətən müharibəsində qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu günbəgün irəliləyir, yeni şəhərlər və kəndlər azad edilirdi: "Müzəffər Ordumuz oktyabrın 4-də Cəbrayılı, 17-də Füzulini, 20-də Zəngilanı, 25-də Qubadlını və nəhayət, noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Uğurla həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində Ermənistan sülhə, kapitulyasiya aktını imzalamağa məcbur edildi. 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanın qətiyyətli iradəsindən və xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan ordumuzun gücü hesabına Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bu bəyanatın müddəalarına əsasən Ermənistan dekabrın 1-dək işğal etdiyi bütün Azərbaycan torpaqlarını azad etməli, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etməli idi. Bəyanatın imzalanmasından sonra noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın işğaldan azad edildi. “Qarabağ Azərbaycandır!” şüarı öz həqiqətinə qovuşdu. Bu tarix müstəqil Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 27 sentyabr – Şəhidlərimizin Anım Günü və 8 noyabr – Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı tarixdir. Bu, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun qazandığı böyük zəfərdir. 27 sentyabrın Anım Günü kimi qeyd olunması gələcək nəsillərə milli birlik və həmrəyliyin əsas şərtinin cəmiyyətin bütün təbəqələrinin, ölkə daxilində və xaricində yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsi olduğu mesajını verir. Azərbaycan xalqının uzun illər davam edən işğalla barışmadığını, öz torpaq bütövlüyünü və suverenliyini bərpa etmək əzmində olduğunu göstərərək nəsillərdə məğlubiyyət kompleksini yox edir, özünəinam hissini möhkəmləndirir. Vətən torpağının hər qarışının qəhrəman əsgər və zabitlərin canı, qanı bahasına azad edildiyini xatırladaraq torpağın və müstəqilliyin qiymətini bilməyi təlqin edir. Gələcək nəsillərə öz əcdadlarının rəşadətli tarixi ilə qürur duymaq, bu irsi qorumaq və eyni fədakarlıq ruhunu yaşatmaq məsuliyyətini aşılayır. Sülhün, təhlükəsizliyin və inkişafın yalnız hərbi, iqtisadi və siyasi baxımdan güclü olan bir dövlətlə mümkün olduğunu göstərir."
Zeynəb Həsən
14:30 24.09.2026
Oxunuş sayı: 44