Avtobus zolağına girən sürücülərin diqqətinə - cərimələr arta bilər
Bakıda avtobus və velosiped zolaqlarından təyinatı üzrə istifadə məsələsi nəqliyyat hərəkətində əsas problemlərdən biri olaraq qalır. Qanunvericiliyə əsasən, digər nəqliyyat vasitələrinin avtobus və velosiped zolaqlarından qanunsuz istifadəsinə görə 100 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur. Buna baxmayaraq, xüsusilə sıx saatlarda bu zolaqlara daxil olan və ya həmin ərazilərdə dayanan avtomobillərə rast gəlinir. Belə halların qarşısının alınmasında yalnız cərimələrin artırılması deyil, avtomatik nəzarət kameralarının genişləndirilməsi, fiziki ayırıcıların tətbiqi və nəqliyyat hərəkətinin daha effektiv təşkili kimi tədbirlər də gündəmə gəlir. Bəs sürücülərin avtobus və velosiped zolaqlarına qanunsuz daxil olmasının qarşısını almaq üçün hansı mexanizmlər daha effektiv ola bilər?
Crossmedia.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtobus və velosiped zolaqlarından istifadə qaydalarının pozulması ilə bağlı hazırkı vəziyyəti qiymətləndirib. O bildirib ki, bu zolaqlara kütləvi şəkildə daxilolma halları müşahidə edilmir: “Bu gün avtobus zolaqları və velosiped zolaqları ilə bağlı kütləvi qayda pozma halları mövcud deyil. Vaxtilə belə hallar olub, cərimələr yüksəldi. İndi həmin zolağa daxil olmağın cəriməsi 100 manatdır. Buna görə də tək-tük hallarda sürücülərin qaydanı pozaraq həmin zolağa daxil olması mümkündür”.
Eldəniz Cəfərov bu səbəbdən cərimələrin artırılmasına ehtiyac olmadığını vurğulayıb: “Bu, tənbeh üsulunu, cəriməni bir qədər də yüksəltməyə ehtiyac olmadığını göstərir. Bu hal kütləvi xarakter almadığına görə hazırda yol hərəkəti təhlükəsizliyinə mənfi təsir etmir”.
Nigar Xəlilli
19:30 23.09.2026
Oxunuş sayı: 40