Çinin etno-mədəni diaqnostikası
Çinim də etno-mədəni diaqnostikası çox mürəkkəbdir və tarix boyu da mürəkkəb olub. Çin hazırki metodologiya baxımından, demək olar ki, ən mürəkkəb nümunələrdən biridir. Çünki burada “Çin etnosu”, “Hanlar”, “Çin sivilizasiyası” və “Çin dövləti” anlayışları bir-birinin sinonimi deyil və eləcə də bu münasibət tarix boyu dəyişib. Çinin diaqnostikasını digər ölkələrdən daha geniş və detallı şəkildə qurmaq lazımdır.
Əsas metodoloji mövqe ondan ibarətdir ki, Çin əvvəlcə etnos yox, sivilizasiya kompleksi kimi anlaşılmalıdır. Çin haqqında “bir xalq, bir dil, bir mədəniyyət” təsəvvürü yanıltıcıdır. Müasir Çin Xalq Respublikasında rəsmi olaraq 56 etnik qrup tanınır. 2020-ci il siyahıyaalmasına görə Hanlar əhalinin 91,11%-ni təşkil edir, digər 55 qrup isə 8,89%-dir. Bunun milyard yarımlıq xalqın statistikasınsa nə qədər dogru olduğunu müəyyənləşdirmək mümükünsüzdir və ona görə də bu rəqəmdan çıxış edərək diaqnostika etməliyik.
Lakin Çinin tarixi özünütəşkil mexanizmini yalnız bu statistik nisbətlə izah etmək olmaz. Çin modelinin əsas xüsusiyyəti odur ki, dövlət, yazı sistemi, idarəçilik, ailə, təhsil və mədəni qanunlar əsrlər boyu çox böyük və müxtəlif əhalini vahid sivilizasiya məkanı daxilində birləşdirib. Ona görə də Çin üçün daha doğru formula Çin bərabərdir Han etnosu olaraq vəziyyəti düzgün ifadə etmir. Çin bərabərdir çoxqatlı, Han nüvəli, lakin çoxetnik sivilizasiya-dövlət kompleksi.
Çində Fərdi kimliyin əsas xüsusiyyəti olaraq burada, fərd əvvəlcə münasibətlər sisteminin üzvüdür. Çin fərdi kimliyinin ən xarakterik cəhətlərindən biri odurki. fərd özünü tamamilə müstəqil nüvə kimi deyil, ailə, qohumluq, icma və dövlət münasibətləri daxilində təsəvvür edir. Burada Konfutsi ənənəsinin təsiri xüsusilə mühümdür. Əsas anlayışlar olaraq “ailə, valideyn, övlad, təhsil, sosial məsuliyyət, ictimai nizam” göstərmək olar. Bu sistemdə insanın “mən kiməm?” sualına cavab yalnız fərdi xüsusiyyətlərlə verilmir. Daha çox: “Mən hansı münasibətlər sisteminin üzvüyəm və həmin sistem qarşısında hansı öhdəliklərim var?” sualı meydana çıxır. Bu, Qərbi Avropada inkişaf etmiş fərdiyyətçi modeldən əhəmiyyətli dərəcədə fərqlənir.
Ailə Çin etno-mədəni sisteminin əsas mikromodelidir. Çin cəmiyyətində ailə yalnız bioloji və emosional birlik deyil, mədəni yaddaşın və sosial davranışın ötürüldüyü əsas institutdur. Əcdadlara hörmət, ailə davamlılığı, valideynə bağlılıq, təhsil və ailənin kollektiv nüfuzu bu sistemdə mühüm yer tutur. Bunun nəticəsində fərdi uğur da çox vaxt yalnız şəxsi nailiyyət kimi qəbul edilmir. Fərdin uğuru ailənin uğuruna çevrilir, fərdin uğursuzluğu da ailənin reputasiyasına təsir edir. Bu xüsusiyyət Çin kollektiv kimliyinin ən davamlı qatlarından biridir.
Təhsil Çin mədəniyyətinin ən mühüm özünütəşkil mexanizmlərindən biridir. Çində təhsil yalnız bilik əldə etmək vasitəsi olmayıb, qədim imperiya imtahanları vasitəsilə yazılı bilik dövlət idarəçiliyinə çıxış mexanizminə çevrilmişdi və beləliklə “kitab, savad, imtahan, dövlət xidməti, sosial status” zənciri yaranmışdı. Bu, Çin tarixində son dərəcə mühüm hadisədir.
Avropada aristokratik mənşə uzun müddət dövlət elitasının əsas mənbələrindən biri olduğu halda, Çində klassik təhsil və imtahan sistemi müəyyən mənada “mədəni kapitalı siyasi kapitala çevirən” mexanizm yaratdı. Bu səbəbdən Çin cəmiyyətində savadlılıq və təhsilə hörmət yalnız müasir dövrün məhsulu deyil.
Yazı sistemi Çin mədəni inteqrasiyasının unikal mexanizmidir. Çinin etno-mədəni diaqnostikasında yazı sisteminə xüsusi yer vermək vavibdir. Çin dilinin müxtəlif danışıq formaları arasında ciddi fərqlər olsa da, yazılı Çin dili tarixən geniş ərazilərdə ortaq mədəni kommunikasiya sistemi funksiyasını yerinə yetirib. Bu çox mühüm fərqdir: Dil müxtəlifliyi mövcud olduğu halda yazı sistemi sivilizasiya vahidliyi yarada bilib. Bu baxımdan Çin nümunəsi İran, ərəb və slavyan komplekslərindən fərqli maraqlı model təqdim edir.
Çin kollektiv yaddaşında Çin kimliyinin tarixi adı itirilmiş deyil. Qədim sülalələr, imperatorlar, klassik mətnlər, Konfutsi, Böyük Çin səddi, qədim dövlətçilik, yazı və uzunmüddətli sivilizasiya ardıcıllığı kollektiv yaddaşın əsas komponentləridir. Çin tarixinin bu qədər uzun ardıcıllıqla təsvir edilməsi müasir milli kimliyə də təsir edir. Burada “biz” anlayışı çox vaxt: “minilliklər boyu davam edən sivilizasiyanın varisləri” şəklində qurulur. Bu, Çin kollektiv identikliyinin ən güclü tərəflərindən biridir.
Eləcə də bu tarix yalnız Hanların tarixi deyil. Burada çox mühüm bir məsələni qeyd edək. Çin tarixində Han sülaləsi, Tan, Sonq, Min və digər dövrlərlə yanaşı monqol Yuan və mançu Tsin (Qing) imperiyaları da mövcud olub. Deməli, Çin sivilizasiyasının tarixi yalnız “Hanların fasiləsiz milli dövləti” kimi təqdim edilə bilməz. Əksinə, Çin tarixinin özünəməxsus xüsusiyyəti mövcuddur. Müxtəlif mənşəli hakim qruplar Çin dövlətinə daxil olduqdan sonra çox vaxt Çin siyasi-mədəni sisteminə bilavasitə inteqrasiya olunublar. Bu, Çin sivilizasiyasının assimilyasiya və sintez qabiliyyətini göstərən mühüm tarixi mexanizmdir.
Çin modelinin ən mühüm xüsusiyyəti “fəth edən də dəyişir” düşüncəsidir. Bu, Çin diaqnostikasının əsas nəticələrindən biri ola bilər. Çin tarixində xarici və ya qeyri-Han mənşəli hakimiyyət yalnız “Çini dəyişdirən qüvvə” olmayıb. Əksinə, çox vaxt: Çinə daxil olan hakim qrup özü də Çin dövlətçilik və mədəniyyət sisteminin təsiri altında dəyişib. Yəni Çin mədəniyyəti yalnız assimilyasiya edilən deyil, assimilyasiya edən və eyni zamanda özünü dəyişdirən sistemdir. Bu səbəbdən Çin sivilizasiyasını sadəcə etnik Han mədəniyyəti kimi təqdim etmək düzgün deyil.
Çində digər xalqlar ölkə daxilində “xarici” deyil, çoxqatlı daxili komponentlər hesab edilir. Tibetlilər, uyğurlar, monqollar, qazaxlar, qırğızlar, hui müsəlmanları, mançular, zhuanglar və digər xalqlar Çin dövlətinin daxilində fərqli tarixi-mədəni sistemlər formalaşdırıblar. Müasir Çin hüquqi sistemində 55 azlıq qrupu üçün regional milli muxtariyyət institutu nəzərdə tutulur. Konstitusiya onların dil və adət-ənənələrinin qorunmasını və muxtar ərazilərdə özünüidarəni nəzərdə tutur.
Lakin burada hüquqi model ilə real sosial münasibətləri eyniləşdirməmək lazımdır. Rəsmi “vahid çoxmillətli dövlət” modeli ilə ayrı-ayrı etnik qrupların öz identikliklərini necə yaşaması arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən də Çin diaqnostikasında iki səviyyəni ayırmaq vacibdir. Dövlətin yaratdığı milli inteqrasiya modeli və yerli xalqların öz etno-mədəni özünütəşkili.
Çinlilərin kollektiv kimliyinin əsas simvolu “dövlət”dir. Burada Çin Rusiya ilə müqayisədə çox maraqlı fərq göstərir. Rusiyada dövlət ilə etnik-mədəni kimlik arasında gərginlik məsələsi tarixən də mövcud olmuşdur. Çində isə dövlətçilik özü çox qədim və legitim mədəni institut kimi kollektiv yaddaşa daxil olub. Başqa sözlə, Çində dövlət sadəcə siyasi hakimiyyət deyil, sivilizasiyanın davamlılığının institusional forması kimi təsəvvür edilir. Bu, Çin kollektiv kimliyinin ən mühüm diaqnostik göstəricilərindən biridir.
“Çinli olmaq” “Han olmaq” mənasını vermir. Bu fərq xüsusilə vacibdir. Han etnik kateqoriyadır. Çinli-Zhonghua milli identikliyi isə daha geniş siyasi-sivilizasiya çərçivəsidir. Müasir dövlətin rəsmi konsepsiyasında Çin 56 etnik qrupun yaratdığı vahid çoxmillətli dövlət kimi təqdim olunur. Buna görə də Han kimliyi Çin milli identikliyinin nüvəsidir, lakin onun bütün məzmununu əhatə etmir.
Çin simvolik sistemində bir neçə səviyyə birləşir, əjdaha, Böyük Çin səddi, panda, Çin heroqlifləri, qədim imperiya simvolları, Konfutsi, Pekin, Çin təqvimi, Ay təqvimli Yeni il, qırmızı rəng, ailə və əcdad simvolları. Lakin bunların hamısı eyni tarixi mənşəyə malik deyil. Məsələn, əjdaha qədim Çin simvolik sisteminin məhsuludur, panda isə müasir milli simvola çevrilmiş təbii-mədəni obrazdır. Bu da göstərir ki, milli simvollar daim yenidən qurulur.
Çin xalq musiqisi vahid sistem deyil və regional, etnik müxtəliflik son dərəcə böyükdür. Han Çin mədəniyyətində guqin, pipa, erhu, opera ənənələri, xüsusilə Pekin operası mühüm yer tutur. Amma Tibet, uyğur, monqol, hui, zhuang və digər xalqların musiqi sistemləri tamamilə başqa emosional və estetik strukturlar daşıyır. Buna görə “Çin xalq musiqisi” anlayışı altında bütün bu müxtəlifliyi eyniləşdirmək etno-mədəni diaqnostik səhv olar.
Çin mətbəxi vahid milli məhsul deyil, regional sivilizasion sistemdir. Çin mətbəxinin dünya miqyasında tanınması da maraqlı diaqnostik göstəricidir. Əslində “Çin mətbəxi” Sıçuan, Kanton, Şanxay, Pekin, Yunnan, Şimal Çin və müxtəlif etnik mətbəxlər kimi çoxsaylı regional sistemlərin ümumi adıdır. Bu, Çin mədəniyyətində vahid sivilizasion çərçivə daxilində regional fərqlilikləri saxlamaq qabiliyyətini göstərir.
Çin fərdini sadəcə “kollektivçi insan” kimi təsvir etmək də yanlışdır. Çünki Çin tarixində tacirlər, alimlər, məmurlar, sənətkarlar, kəndlilər, sahibkarlar, intellektuallar fərqli fərdi davranış modelləri yaradıb. Əsas məsələ fərdiliyin olmaması deyil. Çin fərdiliyi sosial münasibətlərdən qopmuş müstəqil fərd modelindən çox, münasibətlər sistemi daxilində özünü reallaşdıran fərd modelinə yaxındır.
Çin mədəniyyəti özünü “qədimlik” üzərində qurur, amma Çin cəmiyyəti tarix boyu çox böyük transformasiyalardan keçib. Imperiya, Respublika, kommunist inqilabı, Mao dövrü, islahatlar, qlobal iqtisadi inteqrasiya, rəqəmsal Çin və s. Buna baxmayaraq, kollektiv identiklik tamamilə dağılmayıb. Bu, Çin modelinin ən güclü diaqnostik xüsusiyyətlərindən biridir, forma dəyişir, lakin sivilizasiya özünütəsəvvürü davam edir.
Çin tarixinin diaqnostikasında XX əsri ayrıca nəzərə almaq lazımdır. Çünki Çin, imperiya sisteminin dağılması, xarici müdaxilələr, Respublika, vətəndaş müharibəsi, kommunist inqilabı, Mao dövrünün radikal sosial transformasiyası, Mədəni İnqilab, Deng Syaopin islahatları kimi böyük qırılmalar yaşadı. Lakin sonrakı dövrdə dövlət klassik Çin sivilizasiysa yaddaşının bəzi elementlərini yenidən siyasi-mədəni dövriyyəyə daxil etdi. Bu, çox maraqlı informasiya-yaddaş mexanizmidir, keçmiş əvvəlcə ideoloji təhlükə kimi sıxışdırılır, sonra yeni milli identikliyin resursuna çevrilir.
Çin etno-mədəni sisteminin güclü tərəfləri Diaqnostik baxımdan əsas üstünlükləri Tarixi yaddaşın uzunmüddətli davamlılığı, Yazılı mədəniyyətin gücü, Təhsilin yüksək sosial statusu, Ailə institutunun davamlılığı, Dövlətçilik ənənəsinin legitimliyi, Müxtəlif xalqları vahid siyasi-sivilizasion sistemə daxil etmək qabiliyyəti, Regional mədəniyyətlərin böyük hissəsini ümumi çərçivə daxilində saxlamaq bacarığı, Xarici təsirləri mənimsəyərək onları Çin formasına salmaq qabiliyyəti hesab oluna bilər.
Çin modelində fərdi muxtariyyətlə kollektiv məsuliyyət arasında gərginlik, dövlət və cəmiyyət münasibətlərində güclü iyerarxiya, etnik və regional fərqliliklərin vahid milli modelə tabe etdirilməsi, siyasi uyğunlaşmanın yüksək əhəmiyyəti, sərt mərkəzləşmə, yerli identikliklə ümumçin identikliyi arasında gərginlik kimi problemlər hələ də qabarıq şəkildə mövcuddur. Bunları “Çin xalqının xarakteri” adlandırmaq isə düzgün olmaz. Bu daha çox Çin sivilizasiya-dövlət modelinin yaratdığı struktur xüsusiyyətlərdir.
Çinin etno-mədəni özünütəşkilinin əsas vahidi yalnız Han etnosu deyil, yazı, ailə, təhsil, tarix yaddaşı, dövlətçilik və mədəni kanon vasitəsilə müxtəlif xalqları uzun müddət vahid sivilizasiya məkanı daxilində birləşdirə bilmiş Çin sivilizasiya-dövlət kompleksidir. Bu baxımdan ən güclü “sivilizasiya, dövlət, milli identiklik” modellərindən biridir.
19:30 23.09.2026
Oxunuş sayı: 51