İngiltərənin etno-mədəni diaqnostikası

İngiltərənin etno-mədəni kimliyinin əsas xüsusiyyəti çox erkən formalaşmış siyasi-hüquqi institutlarla gündəlik mədəni davranışların uzunmüddətli sintezidir. İngilis kimliyi nə yalnız etnik mənşəyə, nə yalnız dilə, nə də yalnız dövlətə əsaslanır. Anglo-sakson, norman, vikinqlər, xristianlıq, orta əsr krallığı, parlamentçilik, hüquq sistemi, sənaye inqilabı və imperiya təcrübəsi müxtəlif tarixi qatlar yaradaraq müasir ingilis kimliyində birləşib.
İngilis fərdi kimliyinin ən xarakterik cəhətlərindən biri fərdin şəxsi məkanına və şəxsi həyatına yüksək qiymət verilməsi, kollektiv davranışda isə özünü məhdudlaşdırma və ölçülülükdür. Burada “stiff upper lip” (sarsılmaz sakitlik) kimi ifadə edilən emosional təmkin, understatement (az ifadə), nəzakət, növbəyə riayət, qaydalara əməl etmək və “fair play” (ədalətli) anlayışları mühüm davranış kodlarına çevrilib. Bunları bütün ingilislərə aid dəyişməz psixoloji xüsusiyyətlər kimi deyil, uzun müddət təkrarlanmış sosial davranış modelləri kimi qəbul etmək daha doğrudur.
İngilis fərdiyəti maraqlı paradoks yaradır: fərd öz həyatında kifayət qədər müstəqildir, lakin ictimai məkanda başqasının sərhədini pozmamaq qaydasını qəbul edir. Bu, fransız modelindəki daha açıq siyasi-fəlsəfi fərdiyətdən fərqlənir.
İngilis kollektiv kimliyinin əsas xüsusiyyəti institutlara və tarixi davamlılığa bağlılıqdır. Monarxiya, parlament, common law,(ümumi hüquq) yerli idarəçilik, universitetlər, kilsə, məktəb, ordu və müxtəlif könüllü birliklər milli həyatın əsasında dayanıb. İngilis siyasi mədəniyyətində böyük ideoloji inqilablar əvəzinə tədricən dəyişiklik və institusional davamlılıq daha xarakterik olub.
Magna Carta (azadlıq xartiyası), parlamentçilik, hüquq ənənəsi və sonrakı konstitusion inkişaf bu davamlılığın müxtəlif mərhələləridir. Buna görə də ingilis milli kimliyi çox vaxt abstrakt “milli ideya”dan daha çox “bizim institutlarımız” vasitəsilə ifadə olunur. Bu baxımdan İngiltərə bizim Rusiya haqqında araşdırmalarımızda ortaya çıxan problemin demək olar ki, tam əks nümunəsidir. dövlətin nə qədər böyük və güclü olması ideyası əvəzinə, dövlətin hansı institutlarla və hansı qaydalarla işləməli olduğu haqqında uzunmüddətli praktiki ənənə formalaşıb.
İngilis dili milli kimliyin ən güclü məhsullarından biridir. Lakin burada da paradoks vardır. İngilis dili İngiltərənin milli dili olmaqdan çıxaraq imperiya, ticarət, elm, texnologiya və sonradan ABŞ-nin yüksəlişi vasitəsilə qlobal dilə çevrilmişdir. Deməli, ingilis dilinin dünya dili olması yalnız İngiltərənin mədəni üstünlüyünün nəticəsi deyil, eləcə də onun arxasında imperiya, iqtisadi güc, sənaye inqilabı, elmi-texniki inkişaf və sonrakı Amerika hegemonluğu da dayanır. Bu səbəbdən də ingilis dili həm milli identiklik, həm də qlobal informasiya infrastrukturu funksiyasını daşıyır.
Ədəbiyyat və mədəni məhsullar İngilis etno-mədəni özünütəşkilinin ən güclü göstəricilərindən biridir. Şekspir, Çoser, Milton, Austen, Dickens, George Eliot, Hardy, Joyce kimi müəlliflərin yaratdığı müxtəlif ədəbi ənənələr yalnız “böyük ədəbiyyat” deyil, eyni zamanda onlar ingilis dilinin, sosial davranışların, sinfi münasibətlərin, ailə modelinin, şəhər həyatının və fərd-cəmiyyət münasibətlərinin kollektiv yaddaşda kodlaşdırılmasına xidmət edib.
Böyük yazıçının mövcudluğu avtomatik olaraq milli mədəniyyətin göstəricisi deyil. Diaqnostik əhəmiyyət daşıyan məsələ həmin mədəni məhsulun xalq tərəfindən nə dərəcədə mənimsənilməsi və gündəlik kollektiv yaddaşa daxil olmasıdır. İngiltərədə Şekspirin əsərlərinin məktəb, teatr, ədəbiyyat təhsili və milli simvolika vasitəsilə reproduksiya olunması bu baxımdan mühüm göstəricidir.
İngilis etno-mədəni sistemində gündəlik həyatın kiçik görünən elementləri xüsusilə diaqnostik əhəmiyyət daşıyır. Bunlar, Pub, çay, futbol, kriket, bağçılıq, kənd həyatı, bazar günü ənənəsi, məktəb mədəniyyəti, klub və assosiasiyalar və s. Bunlar ayrı-ayrı folklor elementləri deyil, onlar insanları qeyri-rəsmi sosial institutlar ətrafında birləşdirən mexanizmlərdir. Xüsusilə pub mədəniyyəti və idman klubları ingilis sosial həyatında ailə ilə dövlət arasında yerləşən sosial məkanlar yaradıb.
Kriket isə “fair play”(ədalətli oyun), qaydaya riayət və rəqabətin müəyyən etik çərçivədə aparılması haqqında milli mifologiyanın mühüm hissəsinə çevrilib. Lakin bu simvolların bir hissəsi bu gün əvvəlki gücünü itirib, müasir İngiltərədə din və bəzi klassik ənənələrin milli xarakteri müəyyənləşdirmək qabiliyyəti zəifləyib.
İngiltərədə dini kimliyin rolu Fransa və Ermənistanla müqayisədə fərqli istiqamətdə inkişaf edib. Anglikan kilsəsi dövlətlə tarixi əlaqəyə malik olsa da, müasir ingilis identikliyi artıq dini etiqad üzərində qurulmur. Protestantlıq və xüsusilə Reformasiya tarixi ingilis kollektiv yaddaşının mühüm hissəsidir, lakin müasir fərdin “ingilis” olması üçün anglikan və ya ümumiyyətlə xristian olması tələb olunmur. Beləliklə, din kimliyi yaradan əsas mexanizmdən tarixi-mədəni yaddaş komponentinə çevrilib.
İngiltərənin etno-mədəni diaqnostikasında başqa mühüm göstərici sinif sisteminin uzunmüddətli davamlılığıdır. Aristokratiya, orta sinif və fəhlə sinfi arasında fərqlər yalnız iqtisadi deyil, danışıq tərzi, ləhçə, məktəb, geyim, davranış, mədəni zövq və sosial əlaqələrdə də ifadə olunub. Buna baxmayaraq, İngiltərənin fərqli sinifləri arasında müəyyən ortaq milli davranış kodları yaranıb. Bu, İngilis kimliyinin sosial parçalanmanı tam aradan qaldırmadan milli birlik yaratmaq qabiliyyətinin göstəricisidir.
İngiltərə diaqnostikasının ən mühüm və ən ziddiyyətli göstəricisi Britaniya imperiyasıdır. İngilis milli kimliyinin böyük hissəsi imperiya dövrünün uğurları, dənizçilik, ticarət, hərbi güc və qlobal təsir yaddaşı ilə formalaşıb. Lakin bu irsin digər tərəfi müstəmləkəçilik, zorakılıq, iqtisadi istismar və yerli xalqların siyasi hüquqlarının məhdudlaşdırılmasıdır. Burada İngiltərəni Fransa ilə müqayisə etmək xüsusilə maraqlıdır. Hər iki ölkə universal xarakterli siyasi və mədəni ideyaları xaricə daşıyıb, lakin imperiya münasibətləri yaratmaqdan da çəkinməyib.
Fərq ondadır ki, İngilis modeli çox vaxt assimilyasiyadan daha çox idarəetmə, hüquq, ticarət və imperiya institutlarının ixracına əsaslanıb. Bu da Britaniya imperiyasının müxtəlif koloniyalarda fərqli siyasi və hüquqi strukturlar yaratmasına imkan verib. Deməli, İngiltərənin “liberalizm” və “imperializm” tarixləri bir-birindən tamamilə ayrı deyil, onlar eyni tarixi inkişafın müxtəlif tərəfləridir.
İngilis milli simvolikası nisbətən sadə, lakin son dərəcə güclüdür. St George xaçı, kral ailəsi, London, Big Ben, qırmızı avtobuslar, futbol, kriket, pub və ingilis dili. Lakin burada mühüm müasir problem meydana çıxır. İngilis simvollarının bir hissəsi artıq “ingilis” və “British” identiklikləri arasında bölünür. “St George” xaçı bir tərəfdən adi milli simvoldur, digər tərəfdən son illərdə müəyyən sağ-radikal qruplar tərəfindən mənimsənilməsi səbəbindən siyasi mübahisəli məna daşıya bilir. Eyni zamanda futbol azarkeşliyi kimi tamamilə qeyri-siyasi kontekstdə həmin bayraq çoxetnik icmalar tərəfindən də müsbət ingilis kimliyinin simvolu kimi istifadə olunur.
İngilis kimliyinin ən böyük tarixi xüsusiyyətlərindən biri öz dövlət sərhədlərindən kənara çıxan siyasi təsir yaratmasıdır. Lakin bu xüsusiyyətin daxili nəticəsi də var. İngiltərə uzun müddət Böyük Britaniyanın digər xalqları, şotlandlar, uelslilər və irlandlar üzərində dominant siyasi və mədəni mövqedə olub. Bu səbəbdən də “British” anlayışı həmişə neytral üst-identiklik olmayıb, bəzi hallarda digər xalqlar tərəfindən ingilis mədəniyyətinin siyasi sinonimi kimi qəbul edilib. Bu gün İngiltərənin əsas identiklik problemlərindən biri məhz budur: Englishness və Britishness harada ayrılır?
DIAQNOSTIK NƏTICƏ: İngiltərənin etno-mədəni sistemi uzunmüddətli institusional davamlılıq, dil, hüquq, parlamentçilik, fərdi davranış normaları, gündəlik sosial institutlar, ədəbiyyat və qlobal imperiya təcrübəsinin sintezindən yaranmışdır. Onun əsas gücü mədəni və siyasi institutları nəsillər boyunca dəyişdirərək, lakin tamamilə dağıtmadan davam etdirmək qabiliyyətidir. İngilis sistemi inqilabi yenidənqurmadan daha çox təkamül yolu ilə dəyişib.
Fərdi kimlikdə “müstəqillik, təmkin, şəxsi məkan, qaydalara riayət,” kollektiv kimlikdə isə “institutlara bağlılıq, dil, tarixi davamlılıq, yerli icma mədəniyyəti” üstünlük təşkil edir. Əsas tarixi ziddiyyət isə azadlıq və hüquq ənənəsinin imperiya və müstəmləkəçiliklə yanaşı inkişaf etməsidir. İngiltərənin liberal siyasi mədəniyyəti ilə imperiya tarixi bir-birini inkar edən iki ayrı tarix deyil, onlar eyni tarixi sistemin iki tərəfidir.
İngilis etno-mədəni kimliyinin əsas xüsusiyyəti etnik homogenlikdən daha çox institutların, davranış normalarının və tarixi davamlılığın milli kimlik yaratmasıdır. İngilis fərdi kimliyi şəxsi müstəqillik, təmkin, şəxsi məkan və qaydalara hörmətlə, kollektiv kimlik isə dil, parlamentçilik, hüquq, monarxiya, yerli icma, ədəbiyyat və gündəlik mədəniyyətlə xarakterizə olunur. İngiltərənin əsas mədəni gücü tarixi institutları dağıtmadan dəyişdirmək və onları yeni şəraitə uyğunlaşdırmaq qabiliyyətidir. Əsas tarixi ziddiyyəti isə azadlıq və hüquq ideyalarının inkişaf etdiyi eyni mədəni-siyasi sistemin dünya miqyasında imperiya və müstəmləkəçilik qurmasıdır. Müasir İngiltərənin əsas identiklik problemi isə artıq imperiyanın necə qurulması deyil, imperiyadan sonrakı dövrdə “Englishness” ilə “Britishness”in, yerli milli kimliklə çoxmədəniyyətli cəmiyyətin hansı yeni sintezdə birləşəcəyidir.
17:00 30.10.2026
Oxunuş sayı: 251