Roma Papası ABŞ seçkilərində səs vermək istəyir
Roma Papası XIV Leo noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərində iştirak etmək üçün Vatikandan poçt vasitəsilə səsvermə bülleteni tələb edib.
Crossmedia.az xəbər verir ki, “Chicago Sun-Times” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Çikaqoda anadan olan Papa hələ də ABŞ-nin İllinoys ştatında seçici kimi qeydiyyatdadır.
İllinoys ştatının Uill dairəsinin seçki idarəsi təsdiqləyib ki, XIV Leo oktyabrın 3-də poçt vasitəsilə səs vermək üçün müraciət edib.
Qeyd olunur ki, Papa seçici siyahısında öz doğum adı olan Robert Frensis Prevost kimi qeydiyyatdan keçib.
Seçki sənədlərinə əsasən, XIV Leo əvvəllər həm Respublikaçılar, həm də Demokratlar Partiyasının ilkin seçkilərində iştirak edib.
O, 2008 və 2010-cu illərdə demokratların, 2012, 2014 və 2016-cı illərdə isə respublikaçıların ilkin seçkilərində səs verib. Papa həmçinin 2012, 2014, 2018 və 2024-cü illərdə keçirilmiş ümumi seçkilərdə iştirak edib.
İllinoys ştatında seçicilərin siyasi partiya üzrə qeydiyyatdan keçməsi tələb olunmur və ilkin seçkilərdə istədikləri partiyanın bülletenini seçə bilirlər.
Bununla belə, Papanın noyabrın 3-də keçiriləcək seçkilər üçün bülleteni artıq doldurub göndərib-göndərmədiyi məlum deyil. Oktyabrın 29-na olan məlumata görə, seçki idarəsinə ondan doldurulmuş bülleten daxil olmayıb.
XIV Leo səsvermədə iştirak edərsə, ABŞ seçkilərində səs verdiyi məlum olan ilk fəaliyyətdəki Roma Papası ola bilər.
17:12 30.10.2026
Oxunuş sayı: 48