“Binance”dən 20 dəqiqəyə 6,3 milyard dollar oğurlanıb
Dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance” genişmiqyaslı kiberhücuma məruz qalıb və hakerlər təxminən 20 dəqiqə ərzində 6,3 milyard dollar dəyərində kriptovalyuta ələ keçiriblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, hücumçular “Binance”in əməliyyatların təsdiqlənməsi sisteminə müdaxilə edərək kriptovalyuta pul kisələrindən öz nəzarətlərində olan ünvanlara vəsait köçürülməsinə nail olublar.
İlkin araşdırmalar zamanı hücumun şirkətin texniki əməkdaşlarından birinin kompüterinin ələ keçirilməsi ilə əlaqəli ola biləcəyi müəyyənləşdirilib. Lakin sonradan təhlükəsizlik sistemində əlavə boşluqların olduğu da aşkarlanıb.
“Binance” bildirib ki, hakerlərin pul kisələrinin məxfi açarlarını ələ keçirməsinə dair sübut tapılmayıb.
Oğurlanan aktivlərin təxminən yarısı “Tether”, “Circle” və digər şirkətlərin müdaxiləsi nəticəsində dondurulub.
Bununla belə, təxminən 2,4 milyard dollar dəyərində bitkoin və digər kriptovalyutalar hələ də bərpa üçün əlçatmaz hesab olunur.
Blokçeyn təhlükəsizliyi üzrə ixtisaslaşan “TRM Labs” və “Chainalysis” şirkətləri hücumun Şimali Koreya ilə əlaqələndirilən haker qruplaşmalarının fəaliyyətinə bənzədiyini bildiriblər. Hücum edən şəxslərin kimliyi isə rəsmi olaraq təsdiqlənməyib.
Hadisədən sonra “Binance” depozit və vəsait çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb.
Şirkət istifadəçilərin itkilərini öz vəsaitləri və SAFU ehtiyat fondu hesabına qarşılayacağını açıqlayıb.
Hadisə kriptovalyuta tarixində qeydə alınmış ən böyük oğurluqlardan biri kimi qiymətləndirilir.
17:44 30.10.2026
Oxunuş sayı: 58