Saxta kosmetika vasitələrini necə ayırd etmək olar?
Kosmetik məhsul seçərkən rəng, qoxu, qablaşdırma və qiymət ilk diqqət çəkən məqamlar olsa da, məhsulun həqiqi olub-olmadığını müəyyənləşdirmək üçün bunlar kifayət etmir. Xüsusilə sosial şəbəkələr və müxtəlif onlayn platformalarda kosmetik vasitələrin geniş satıldığı bir vaxtda mənşəyi bəlli olmayan məhsullarla qarşılaşmaq mümkündür. Orijinal məhsulla saxta məhsul arasındakı fərq bəzən ilk baxışdan hiss olunmasa da, yanlış seçim dəri qıcıqlanması və digər arzuolunmaz reaksiyalarla nəticələnə bilər.
Bu baxımdan kosmetik məhsul alarkən yalnız məhsulun görünüşünə və satıcının təqdim etdiyi məlumatlara güvənmək əvəzinə, onun satış mənbəyini və üzərindəki məlumatları diqqətlə yoxlamaq vacibdir. Qablaşdırmadakı yazılar, son istifadə tarixi, batch və ya lot kodu, istehsalçı məlumatları, məhsulun qiyməti və satış şəraiti alıcıya müəyyən siqnallar verə bilər. Bəs kosmetikanın saxta olub-olmadığını müəyyənləşdirərkən hansı detallara xüsusi diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı kosmetoloq Xana Babayeva Crossmedia.az-a açıqlamasında bildirib:
“Kosmetoloq olaraq məhsul alarkən ilk növbədə etibarlı və rəsmi satış mənbəyinə üstünlük verirəm. Qablaşdırma, son istifadə tarixi, batch/lot kodu və istehsalçı məlumatları mütləq yoxlanılmalıdır. Məhsulun üzərində məlumatların natamam olması, yazı və çap keyfiyyətinin şübhəli görünməsi, qablaşdırmanın orijinal məhsuldan fərqlənməsi diqqət tələb edən məqamlardır. Şübhəli dərəcədə ucuz və mənşəyi bəlli olmayan məhsullardan istifadə etmək olmaz. Kosmetik məhsulu yalnız qiymətinə görə seçmək düzgün deyil. Xüsusilə bazardakı qiymətdən əhəmiyyətli dərəcədə aşağı təklif olunan məhsullara ehtiyatla yanaşmaq lazımdır. Məhsulun haradan gətirildiyi, istehsalçısının kim olduğu və satış mənbəyinin etibarlılığı araşdırılmalıdır. Şübhə yarandıqda məhsulu istifadə etməkdənsə, rəsmi satış kanalından alınan məhsula üstünlük vermək daha doğrudur. Çünki kosmetik vasitə birbaşa dəri ilə təmasda olduğundan onun keyfiyyəti və mənşəyi xüsusi əhəmiyyət daşıyır”.
Zeynəb Həsən
15:00 22.09.2026
Oxunuş sayı: 33