Gecə gördüyümüz kabusların səbəbi bu imiş - gün ərzində bunlardan uzaq durun
İnsan həyatının mühüm hissəsini yuxuda keçirir və yuxu zamanı beynimiz müxtəlif görüntülər, səslər, hadisələr və emosiyalar yarada bilir. Bəzən səhər oyandıqda gördüyümüz yuxunun təfərrüatlarını xatırlamırıq, bəzən isə müəyyən bir yuxu uzun müddət yaddaşımızda qalır. Xüsusilə təkrarlanan yuxular, kabuslar və gündəlik həyatda heç düşünmədiyimiz insanların yuxumuza daxil olması insanlarda bu görüntülərin təsadüfi olub-olmaması ilə bağlı maraq yaradır. Yuxuların mənası ilə bağlı yanaşmalar isə tarix boyu fərqli olub. Bəzi insanlar onları gələcəkdən xəbər verən işarələr kimi qəbul edib, psixologiyada isə yuxular insanın düşüncələri, emosiyaları və daxili dünyası ilə əlaqəli müxtəlif nəzəriyyələr çərçivəsində araşdırılıb. Ziqmund Freyd, Karl Qustav Yunq, Alfred Adler, Erik Fromm və Fritz Perls kimi psixoloqlar yuxulara fərqli nəzəri mövqelərdən yanaşıblar. Bəs yuxular insanın daxili dünyası haqqında həqiqətən nə deyə bilər?
Mövzu ilə bağlı psixoloq Billurə Babayeva Crossmedia.az-a açıqlamasında bildirib:
“Yuxu bütün insanların labüd, qarşısıalınmaz ehtiyaclarından biridir. Bəs yuxu prosesi zamanı görülən röyalar necə, onlar da bizim tələbatımızdan irəli gəlir, yoxsa gözümüzün önünə gələn təsadüfi şəkillərdir? Röyalar minillərdir ki, var və insanlar daima buna maraq göstərərək öz yuxuları ilə bağ qurmaq istəmişlər. Onlar yuxularını şərh edərək, mənalandırmağa çalışmış və hər hansısa mesajı ötürdüyünə dərindən inanmışlar. Dünyaca məşhur psixoloqlar, başda Ziqmund Freyd olmaqla, Karl Qustav Yunq, Alfred Adler və başqaları yuxuların analizinə keçid edərək onları psixologiya sahəsi üçün daha dəyərli vasitəyə çevirə bilmişlər. Belə ki, görülən röyalar insanın daxili qaranlıq arzularından tutmuş emosional münasibətlər məsələlərinədək bizə çox şey deməyə qadirdir. Bəzən olur ki, insan eyni yuxunu illərdir fərqli zaman dilimlərində görür, bəzən kabuslarla təlaş və təşviş içərisində oyanır, bəzən də normal həyatında heç ağlından belə keçməyən insanları yuxusunda görür. Psixoloji yuxu təhlilində bunların hər birinin öz mənası var.
Yuxu analizi və onun psixoterapevtik tətbiqi sahəsində mühüm iz qoymuş psixoloqlara nəzər salaq. Ziqmund Freyd – psixologiyada yuxulara ilk yer verən psixoloqlardan olmuşdur. Yuxuları “şüuraltına aparan kral yolu” kimi qiymətləndirmiş və onları basdırılmış arzuların örtülü təzahürü hesab etmişdir. Karl Qustav Yunq – analitik psixologiyanın banisidir. Yuxuları təkcə fərdi deyil, həm də kollektiv şüuraltının, arxetiplərin və daxili müvazinəti, yəni kompensasiyanı təmin edən simvolların dili kimi nəzərdən keçirmişdir. Alfred Adler – fərdi psixologiyanın yaradıcısıdır. Yuxuları insanın həyat tərzinin və gələcəyə yönəlmiş məqsədlərinin, problemləri həll etmək cəhdlərinin əksi kimi təhlil etmişdir. Erik Fromm – yuxuları insanın daxili müdrikliyinin və unudulmuş dilinin təzahürü kimi görmüş, onları həm rasional, həm də irrasional tərəfləri olan simvolik mesajlar kimi şərh etmişdir. Fritz Perls – Geştalt terapiyanın banisidir. Yuxudakı hər bir elementi – insan, obyekt və ya hissi – pasiyentin öz şəxsiyyətinin fərqli tərəfləri kimi qəbul edərək, subyektin bu elementlərlə canlı dialoqa girməsi metodunu yaratmışdır. Bütün bu yanaşmalar yuxu prosesi zamanı gördüyümüz röyaların tək bir izaha sığmadığını, insan şəxsiyyətini çox geniş aspektdən nəzərə almağı tələb etdiyini bizə göstərməkdədir”.
Zeynəb Həsən
15:30 22.09.2026
Oxunuş sayı: 23