Sosial şəbəkədə niyə xoşbəxt görünmək istəyirik - bu sindromu tutmuş ola bilərsiniz
Sosial şəbəkələrdə gündəlik həyatın ən gözəl anlarını paylaşmaq artıq adi davranışa çevrilib. Səyahətlər, bahalı məkanlar, uğurlar, münasibətlər, yeni alış-verişlər və daim gülümsəyən fotolar lentlərdə insanların həyatının demək olar ki, problemsiz olduğu təəssüratını yaradır. Halbuki bir paylaşım insanın bütün həyatını deyil, həmin həyatın seçilmiş bir hissəsini göstərir. Məhz bu səbəbdən sosial mediada görünən həyatla real həyat arasındakı fərq son illərdə psixoloji baxımdan diqqət çəkən məsələlərdən birinə çevrilib. İnsanlar bəzən yaşadıqları çətinlikləri, uğursuzluqları və mənfi emosiyaları paylaşmamağı seçir, yalnız göstərmək istədikləri tərəfləri ön plana çıxarırlar. Bəs insanı öz həyatını olduğundan daha xoşbəxt və uğurlu göstərməyə vadar edən nədir?
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva Crossmedia.az-a açıqlamasında bildirib:

“İnsanların sosial şəbəkələrdə özlərini olduğundan daha xoşbəxt, uğurlu və problemsiz göstərməsinin arxasında bir neçə psixoloji səbəb dayanır. İlk növbədə, insanın sosial qəbul və təsdiq ehtiyacını qeyd etmək olar. İnsan təbiətcə qəbul olunmaq, bəyənilmək və dəyərli hiss etmək istəyir. Sosial mediada isə bu ehtiyac “like”, şərh, baxış sayı və digər insanların reaksiyaları vasitəsilə daha görünən formaya keçir. Nəticədə bəzi insanlar yalnız ən uğurlu, ən estetik və ən xoşbəxt anlarını paylaşaraq özləri haqqında daha ideal obraz yaratmağa çalışırlar. Digər mühüm səbəb sosial müqayisədir. İnsanlar sosial şəbəkələrdə başqalarının seçilmiş və filtrdən keçmiş həyat görüntülərini gördükcə öz həyatlarını həmin görüntülərlə müqayisə etməyə başlayırlar. Bu da “mən də xoşbəxt görünməliyəm”, “mənim həyatım da maraqlı görünməlidir” kimi daxili təzyiq yarada bilər. Beləliklə, sosial media bəzən real həyatı əks etdirməkdən çox, sosial olaraq qəbul edilən bir obrazı nümayiş etdirmək platformasına çevrilir. Burada özünəinam məsələsi də rol oynayır. Özünü daxildən yetərincə dəyərli hiss etməyən bəzi insanlar xarici təsdiqlə bu boşluğu kompensasiya etməyə çalışa bilirlər. Yəni real həyatda yaşanan narazılıq, tənhalıq və ya uğursuzluq hissi sosial mediada daha “mükəmməl” həyat görüntüsü ilə ört-basdır edilə bilər. Bu, müəyyən mənada insanın özünü və başqalarını inandırmağa çalışdığı psixoloji müdafiə forması da ola bilər. Bununla yanaşı, hər xoşbəxt paylaşımı saxtalıq kimi qiymətləndirmək düzgün deyil. İnsanların həyatlarının müsbət tərəflərini paylaşması tamamilə normaldır. Problem o zaman yaranır ki, insan sosial mediada yaratdığı obrazı qorumaq üçün real hisslərini davamlı şəkildə gizlədir və öz dəyərini başqalarının reaksiyası ilə ölçməyə başlayır. Bu vəziyyət zamanla daxili narazılıq, emosional gərginlik, özünü başqaları ilə müqayisə etmə və hətta tənhalıq hissini artıra bilər. Məncə, burada ən vacib məsələ sosial medianın həyatın özü deyil, həyatın seçilmiş bir hissəsi olduğunu dərk etməkdir. Psixoloji sağlamlıq insanın hər zaman xoşbəxt görünməsi ilə deyil, həm müsbət, həm də çətin emosiyalarını qəbul edə bilməsi ilə bağlıdır. Sosial mediada yaratdığımız obrazla real həyatımız arasındakı fərq nə qədər böyüyürsə, daxili gərginlik də bir o qədər arta bilər”.
Zeynəb Həsən
16:00 22.09.2026
Oxunuş sayı: 64