Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.
17:14 22.09.2026
Oxunuş sayı: 44