Süni intellekt terrorçuluğun yeni silahına çevrilir
Süni intellekt və rəqəmsal texnologiyalar təhlükəsizlik sahəsində də yeni imkanlar yaradarkən, onların bədniyyətli istifadəsi terrorçuluğa qarşı mübarizədə yeni çağırışlar formalaşdırır. Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində rəqəmsal imkanlar və süni intellektdən bədniyyətli istifadənin radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə şərait yaratdığını bildirib. Dövlət başçısı bu şəraitdə terrorçuluğa qarşı mübarizənin yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı olduğunu və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Süni intellektin yaratdığı imkanların sürətlə genişlənməsi təhlükəsizlik qurumlarının qarşısında həm texnoloji, həm də hüquqi məsələlər qoyur. Azərbaycanda da süni intellektlə hazırlanmış bəzi reallığı əks etdirməyən foto, video və audio materialların nişanlanması, həmçinin müəyyən süni intellekt əsaslı saxta məzmunların yayılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Bəs bu texnologiyaların terrorçuluq məqsədilə istifadəsi hansı yeni riskləri yarada bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib:
“Müasir rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı bəşəriyyətə böyük imkanlar qazandırmaqla yanaşı, qlobal təhlükəsizlik arxitekturasını da ciddi sınaqlarla üz-üzə qoyur. Dövlət başçısının IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, rəqəmsal imkanların və süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə böyük əngəllər törədir.
Bu əngəllərin mahiyyəti, ilk növbədə, terror təşkilatlarının texnoloji baxımdan yeni imkanlar əldə etməsində özünü göstərir. Generativ süni intellekt alətləri vasitəsilə yüksək keyfiyyətli radikal təbliğat materiallarının, inandırıcı “deepfake” vizual və audio məzmunların dəqiqələr ərzində hazırlanması və müxtəlif dillərdə kütləvi şəkildə yayılması asanlaşıb. Psixoloji profilləşmə texnologiyalarından istifadə edilərək həssas təbəqələr, xüsusilə gənclər hədəf alınır və onların radikal ideyalara cəlb olunması avtomatlaşdırılır. Digər tərəfdən, süni intellekt alətləri blokçeyn və kriptovalyuta əməliyyatlarını idarə edərək maliyyə izlərinin gizlədilməsinə və terror şəbəkələrinin maliyyə resurslarının genişlənməsinə şərait yaradır.
Eyni zamanda, avtonom dron sistemləri və süni intellektlə gücləndirilmiş kiber-hücum proqramları kritik infrastruktur obyektlərinə fəsadlar vurmaq imkanına malikdir. Süni intellekt vasitəsilə insan davranışını simulyasiya edən bot şəbəkələrinin yaradılması isə hüquq-mühafizə orqanlarının real təhlükələri vaxtında aşkar etməsini çətinləşdirir. Açıq kodlu süni intellekt modellərinin offline mühitdə nəzarətsiz istifadəsi isə bədniyyətli şəxslərə zərərli proqramlar yazmaq və ya təhlükəli təlimatlar almaq üçün asan resurs rolunu oynayır.
Yaranmış bu təhlükəli şəraitdə terrorçuluğa qarşı effektiv mübarizə yalnız ayrı-ayrı dövlətlərin lokal səyləri ilə məhdudlaşmamalı, qlobal miqyasda kompleks və birgə addımların atılmasını tələb etməlidir. Beynəlxalq müstəvidə süni intellekt texnologiyalarının yaradılması və istifadəsi üçün universal təhlükəsizlik protokolları müəyyən edilməli, xüsusi xidmət və kiber-kəşfiyyat qurumları arasında real vaxt rejimində əməliyyat və təhdid məlumatlarının mübadiləsi təmin olunmalıdır.
Bədniyyətli istifadənin qarşısını almaq üçün terrorçuların istifadə etdiyi texnologiyalara cavab verə biləcək müdafiə yönümlü süni intellekt alətləri, yəni “deepfake” məzmunları və şübhəli maliyyə axınlarını anında təsbit edən analitik sistemlər inkişaf etdirilməlidir. Böyük texnologiya şirkətləri ilə sıx əməkdaşlıq qurularaq rəqəmsal platformalarda zərərli kontentin filtrasiyası məcburi standart halına gətirilməlidir.
Habelə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının kadr potensialı gücləndirilməli, əməkdaşların yeni nəsil kiber-təhdidlər və süni intellekt analitikası sahəsində peşəkarlığı artırılmalıdır. Yalnız bu cür qlobal əməkdaşlıq və texnoloji müdafiə mexanizmləri vasitəsilə rəqəmsal dövrün terror təhdidlərinə qarşı effektiv mübarizə aparmaq mümkündür”.
Zeynəb Həsən
17:30 22.09.2026
Oxunuş sayı: 46