ABŞ yeni süni intellekt yaratdı - gizli məqsədlər ifşa olur
ABŞ-də süni intellekt üzrə yeni dövlət təşəbbüslərinin hazırlanması texnologiyanın artıq yalnız iqtisadi və innovasiya sahəsi deyil, dövlət siyasəti və milli təhlükəsizlik gündəminin də mühüm hissəsinə çevrildiyini göstərir. ABŞ 2025-ci ildə qəbul etdiyi AI Action Plan-da süni intellekt üzrə beynəlxalq diplomatiya və təhlükəsizlik məsələlərini də prioritetlər sırasına daxil edib. 2026-cı ildə isə Vaşinqton süni intellektin milli təhlükəsizlik və kibertəhlükəsizlik imkanlarında istifadəsini genişləndirmək istiqamətində yeni addımlar atıb. Bu proses süni intellektin dövlətlərin qlobal rəqabətində və “yumşaq güc” siyasətində rolunu da gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellektin dövlət siyasətinin mərkəzinə keçməsi qlobal güc balansını texnoloji üstünlük uğrunda rəqabət vasitəsilə dəyişə bilər:

“Süni intellektin dövlət siyasətinin mərkəzinə keçməsi qlobal güc balansını ilk növbədə texnoloji üstünlük uğrunda rəqabət vasitəsilə dəyişə bilər. Əvvəllər dövlətin beynəlxalq çəkisini müəyyən edən əsas amillər ərazi, hərbi potensial, enerji və maliyyə resursları idisə, indi hesablama infrastrukturu, qabaqcıl çiplərə çıxış, böyük məlumat bazaları, süni intellekt modelləri və yüksək ixtisaslı kadrlar da strateji güc göstəricilərinə çevrilir. ABŞ-in 2025-ci il planında süni intellekt texnologiyalarının müttəfiq ölkələrə tam texnoloji paket şəklində ixracının nəzərdə tutulması bunun artıq xarici siyasət alətinə çevrildiyini göstərir. Bu proses texnoloji bloklaşmanı da gücləndirə bilər. Süni intellekt modellərinin, çiplərin, bulud infrastrukturlarının və məlumat axınlarının hansı ölkələr tərəfindən təmin edilməsi dövlətlər arasında yeni qarşılıqlı asılılıqlar yaradır. ABŞ-nin fəaliyyət planında müttəfiqlərlə ixrac nəzarətlərinin uyğunlaşdırılması və rəqiblərin süni intellekt təchizat zəncirində imkanlarının məhdudlaşdırılması ideyası rəqabətin artıq təkcə şirkətlər arasında deyil, dövlətlər və onların tərəfdaş şəbəkələri arasında da getdiyini göstərir.
Digər tərəfdən, süni intellekt hərbi və kiber imkanların xarakterini də dəyişə bilər. 2026-cı ilin iyununda qəbul edilmiş ABŞ prezident memorandumunda qabaqcıl süni intellekt sistemlərinin hərbi və kəşfiyyat strukturlarında sürətli tətbiqi, yüksək təhlükəsizlikli hesablama infrastrukturu və strateji kadr ehtiyatının yaradılması nəzərdə tutulub. Həmin ilin iyununda imzalanmış digər sərəncamda isə süni intellektin kibermüdafiədə istifadəsi, kritik infrastrukturun qorunması və qabaqcıl modellərin kibertəhlükəsizlik imkanlarının qiymətləndirilməsi prioritetləşdirilib. Bunları nəzərə alaraq demək olar ki, süni intellekt üzrə üstünlük “sərt güc” və iqtisadi gücün yeni texnoloji komponentinə çevrilə bilər. Lakin bu, hər hansı ölkənin avtomatik üstünlüyü demək deyil. Texnologiyanın sürətli inkişafı dövlətlər arasında yeni asılılıqlar, kibertəhlükələr, məlumat təhlükəsizliyi problemləri və beynəlxalq qaydaların formalaşdırılması uğrunda rəqabət də yaradır. Buna görə gələcək güc balansını yalnız texnologiyaya kimin sahib olması deyil, kimin onun ekosistemini, standartlarını, infrastrukturunu və beynəlxalq tərəfdaşlıq şəbəkəsini formalaşdırması da müəyyən edə bilər.
Politoloq qeyd edib ki, Süni intellektin “yumşaq güc” potensialı da kifayət qədər böyükdür:
“Ənənəvi yumşaq güc ölkənin mədəniyyətinə, siyasi modelinə, diplomatiyasına və beynəlxalq nüfuzuna əsaslanırdı. Süni intellekt dövründə buna texnoloji cəlbedicilik də əlavə olunur. Bir ölkənin texnologiyaları digər dövlətlərin iqtisadiyyatında, dövlət idarəçiliyində, təhsilində və təhlükəsizlik sistemlərində geniş istifadə edilirsə, həmin ölkə yalnız məhsul ixrac etmir, eyni zamanda müəyyən texniki standartların və idarəetmə yanaşmalarının yayılmasına da təsir göstərir. ABŞ-in 2025-ci il süni intellekt siyasətində də bu məqam görünür. Vaşinqton yalnız daxili süni intellekt sənayesini inkişaf etdirməyi deyil, Amerika mənşəli süni intellekt texnologiyalarının, standartlarının və idarəetmə modellərinin beynəlxalq miqyasda qəbulunu təşviq etməyi də qarşıya məqsəd qoyub. 2025-ci ilin iyulunda imzalanmış sərəncamda ABŞ texnologiyalarının qlobal yayılmasının müttəfiqlərlə münasibətləri gücləndirə və ABŞ-nin texnoloji liderliyini möhkəmləndirə biləcəyi vurğulanır. Bu baxımdan ABŞ-nin mövqeyində müəyyən transformasiya görünür. Başqa sözlə, texnologiya artıq yalnız xarici siyasətin nəticəsi deyil, onun ayrıca alətinə çevrilir. Dövlət Departamentinin əvvəlki strategiyalarında da süni intellekt diplomatik qərarların təhlili, məlumatların emalı, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq standartların formalaşdırılması üçün istifadə olunan vasitə kimi təqdim edilirdi.
Bununla belə, süni intellektin yumşaq gücə çevrilməsi risksiz proses deyil. Digər dövlətlər ABŞ texnologiyalarını faydalı, etibarlı və təhlükəsiz hesab edərlərsə, bu, Vaşinqtonun texnoloji və diplomatik cazibəsini artıra bilər. Əksinə, texnoloji asılılıq, məlumatların qorunması, nəzarət və təhlükəsizliklə bağlı narahatlıqlar genişlənərsə, eyni texnologiyalar siyasi etimad probleminə də səbəb ola bilər".
Nuray Mehtiyeva
16:30 22.09.2026
Oxunuş sayı: 41