Rusiya generalı: Ukrayna ordusunun müdafiəsi dağılmaq üzrədir
Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhədəki vəziyyəti müdafiə xəttinin dağılmasına gətirib çıxara bilər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsi rəisinin müavini, “Ahmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-leytenant Apti Alaudinov bildirib ki, Rusiya qoşunları təmas xəttinin bütün istiqamətlərində Ukrayna qüvvələrinə təzyiq göstərir.
Onun sözlərinə görə, Rusiya qüvvələri daha əlverişli hesab olunan istiqamətlərdə tədricən irəliləyir və mövqelərini möhkəmləndirir. Alaudinov hesab edir ki, Ukrayna qoşunlarına göstərilən təzyiq nəticədə ölkənin müdafiə xəttinin çökməsinə səbəb ola bilər.
General həmçinin döyüşlərin ağır getdiyi bəzi istiqamətlərin olduğunu qeyd edib. O bildirib ki, açıq ərazilərdə irəliləmək çətindir və mümkün itkilərin həcmi hərbi əməliyyatların planlaşdırılması zamanı nəzərə alınır.
Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-mayor Leonid İvlev Ukraynaya Qərb silahlarının tədarükünün azaldığını bildirib. Onun sözlərinə görə, buna Rusiya ordusunun Ukraynanın logistika zəncirlərinə endirdiyi zərbələr, eləcə də Kiyevin maliyyə imkanlarının məhdud olması kimi amillər təsir göstərir.
18:52 17.09.2026
Oxunuş sayı: 43