Kanada Aİ ilə strateji tərəfdaşlığı genişləndirməyi təklif edir
Kanadanın Baş naziri Mark Karni Avropa İttifaqı ilə ticarət, müdafiə, enerji və texnologiya sahələrində daha dərin strateji əməkdaşlığa çağırıb.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Karni bunu Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” olması ilə bağlı təklifini alqışlayıb və bunu gələcək əməkdaşlıq üçün mühüm imkan kimi qiymətləndirib.
Kanada Baş naziri bildirib ki, daha sıx əməkdaşlıq geosiyasi gərginliklərin artdığı bir dövrdə ölkələrin suverenliyini və iqtisadi dayanıqlığını gücləndirə bilər. Onun sözlərinə görə, əməkdaşlıq yeni geosiyasi blok yaratmaq məqsədi daşımamalıdır.
Karni Kanada ilə Avropa arasında əməkdaşlığın kritik minerallar, müdafiə sənayesi, süni intellekt, enerji təhlükəsizliyi, kosmos, maliyyə sistemləri və rəqəmsal ticarət sahələrini əhatə etməsini təklif edib.
O qeyd edib ki, Kanadanın enerji və kritik mineral ehtiyatları, süni intellekt, kvant texnologiyaları və maliyyə sahəsində təcrübəsi Avropanın istehsal, tədqiqat və tənzimləmə imkanlarını tamamlaya bilər.
Kanada ilə Aİ arasında hazırda Hərtərəfli İqtisadi və Ticarət Sazişi (CETA) və Strateji Tərəfdaşlıq Sazişi mövcuddur. Aİ Komissiyasının məlumatına görə, CETA-nın tətbiqindən sonra Kanada ilə Aİ arasında mal ticarəti on ildən az müddətdə 75 faiz artıb.
Karni çıxışında ABŞ və Kanada arasında davam edən ticarət gərginliyinə də toxunaraq, iqtisadi inteqrasiyanın siyasi təsir vasitəsinə çevrilməsinin ölkələri xarici şoklara qarşı daha dayanıqlı olmağa məcbur etdiyini bildirib.
O vurğulayıb ki, Kanada və Avropa arasında yaradılması təklif olunan yeni əməkdaşlıq modeli heç bir ölkəyə qarşı yönəlməməli, açıq bazarların, demokratik institutların və milli suverenliyin qorunmasına xidmət etməlidir.
16:13 17.09.2026
Oxunuş sayı: 47