11:32 30.09.2026
Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır
24
Artıq təhlükəsizlik yalnız hazır sistemlərin əldə edilməsi ilə təmin olunmur. O, həm də bilik, mühəndislik qabiliyyəti, istehsal gücü və etibarlı tərəfdaşlıq üzərində formalaşır. Son illərin təcrübəsi bir həqiqəti xüsusilə aydın göstərdi.
Crossmedia.az xəbər verir ki, bu sözləri müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimində deyib.
Nazir bildirib ki, texnologiyanın yenilənmə sürəti ənənəvi qərarvermə və istehsal dövrlərini dəfələrlə qabaqlayır. Sahədən gələn təcrübə, mühəndis qərarı və istehsalda edilən dəyişiklik arasındakı vaxt artıq illərlə deyil, həftələrlə ölçülür. Ona görə də məsələ yalnız yeni texnologiya yaratmaqla bitmir. Onu sınaqdan keçirmək, nəticəni ölçmək və yenilənmiş həlli qısa müddətdə istehsala qaytarmaq qabiliyyəti həlledici xarakter daşıyır.