Ukrayna və Rusiyadan taxıl tədarükü azalır
Ukrayna və Rusiyadan taxıl ixracında yaranan problemlər Asiyanın iri alıcılarını digər ölkələrdən buğda almağa məcbur edir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, avqustun ilk yarısında Ukraynadan taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz azalıb, Rusiyanın aylıq tədarükünün isə son beş ilin orta göstəricisinin yarısından da aşağı olacağı gözlənilir. Ukrayna və Rusiya birlikdə dünya buğda ixracının dörddə birindən çoxunu təmin edir.
Qara dənizdəki problemlər fonunda İndoneziya və digər Cənub-Şərqi Asiya ölkələri Avstraliyadan buğda almağa başlayıb, Banqladeş Rumıniyaya üz tutub. Şimali Amerikadan da tədarüklə bağlı sorğuların daxil olduğu bildirilir.
Daşınma xərclərinin artması da vəziyyəti çətinləşdirib. Ukraynadan İndoneziyaya bir ton taxılın daşınması üçün fraxt qiyməti təxminən 70 dollardan 90 dollara yüksəlib və bəzi müqavilələr ləğv edilib. Rusiyanın Novorossiysk limanına gəmilərin girişində də problemlər yarandığı qeyd olunur.
13:43 15.08.2026
Oxunuş sayı: 40