Yaponiya hərbi büdcəsini azaltmağa hazırlaşır
Yaponiya büdcə məhdudiyyətləri səbəbindən qarşıdakı beş il üçün müdafiə xərclərinin artırılması planını əhəmiyyətli dərəcədə ixtisar edə bilər. Təklif reallaşarsa, raket və hərbi təyyarələrin, o cümlədən F-35 qırıcılarının alınması planlarına yenidən baxıla bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yaponiya Maliyyə Nazirliyi növbəti beş il üçün müdafiə büdcəsinə 50-60 trilyon yen ayrılmasını təklif edir. Bu məbləğ Müdafiə Nazirliyinin və hakim partiyanın tələb etdiyi 80 trilyon yendən xeyli azdır.
Büdcənin azaldılması silah tədarükü proqramlarına ciddi təsir göstərə bilər. Xüsusilə raketlərin və aviasiya texnikasının alınmasının, o cümlədən F-35 qırıcılarının tədarükünün iki dəfəyədək azaldılması gündəmdədir.
Təklif olunan maliyyələşmə səviyyəsi Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmaq strateji hədəfinin yerinə yetirilməsini də çətinləşdirə bilər.
Yaponiya hökuməti ilin sonunadək yenilənmiş müdafiə sənədlərini qəbul etməlidir. Həmin sənədlər ölkənin hərbi qüvvələrinin modernləşdirilməsi üçün real maliyyə imkanlarını müəyyən edəcək.
02:03 14.11.2026
Oxunuş sayı: 27