Zelenski üçün təhlükəli dönüş: Ukrayna hakimiyyətində çatlar böyüyür
Ukraynada iyul ayında hökumətdə aparılan kadr dəyişiklikləri ölkə Prezidenti Volodimir Zelenski üçün ciddi siyasi itkiyə və Kiyev hakimiyyəti üçün yeni böhran mərhələsinə səbəb olub.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına əsasən, Zelenski Ukrayna vətəndaşlarının etimad səviyyəsinə görə hazırda dördüncü yerdədir. İlk üçlükdə Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı (66%), sabiq müdafiə naziri Mixail Fedorov (63%) və Prezident Aparatının rəhbəri Kirill Budanov (61%) yer alır.
Zelenskini isə respondentlərin 56%-i dəstəkləyib. Məqalədə bildirilir ki, Zelenski əvvəllər ən azı ilk üçlükdə qərarlaşırdı.
Müəllif Ukraynadakı son hökumət dəyişikliklərini dərin siyasi böhranın göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, hökumətin istefası və müxtəlif vəzifələrə yeni şəxslərin təyin olunması Kiyevdə hakimiyyət uğrunda mübarizənin gücləndiyini göstərir.
Məqalədə həmçinin sabiq müdafiə naziri Mixail Fedorovun siyasi mövqelərini gücləndirdiyi və yenidən yalnız müdafiə naziri vəzifəsinə qayıdacağı halda hökumətdə yer alacağını bildirdiyi qeyd olunur.
Digər kadr dəyişiklikləri arasında daxili işlər naziri İqor Klimenkonun Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Rustem Umerovun isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilməsi göstərilir.
˝TASS˝-ın məqaləsində Ukraynanın yeni hökumətinin qarşısında enerji təchizatı, hərbi idarəçilik və ölkədə davam edən siyasi qarşıdurma fonunda ciddi problemlərin dayandığı vurğulanır.
Məqalə müəllifinin fikrincə, Kiyevdəki hökumət dəyişiklikləri sistemli siyasi böhranın dərinləşdiyini göstərir. O hesab edir ki, qarşıdakı dövrdə Ukrayna hakimiyyəti üçün əsas sınaqlardan biri siyasi və hərbi idarəetmədə sabitliyi qorumaq olacaq.
03:20 12.08.2026
Oxunuş sayı: 43