Rusiya: Ukrayna ərazimizdə hücum fəallığını artırıb
Rusiya Ukraynanın Rusiya ərazisində hücum fəallığını artırdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsi bu barədə məlumat yayıb.
Məlumata görə, avqustun 11-də Moskvada komitənin sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun rəhbərliyi ilə iclas keçirilib.
İclasda bildirilib ki, Ukrayna tərəfi infrastruktur obyektlərinin mühafizə sistemlərini keçərək yalnız döyüş bölgələrinə yaxın ərazilərdə deyil, cəbhədən xeyli uzaqda da zərbələr endirə bilir.
Bortnikovun sözlərinə görə, cari il ərzində Rusiya hüquq-mühafizə orqanları Ukrayna diversantlarının ölkə ərazisinə daxil olmaq cəhdlərinin qarşısını üç dəfə alıb.
Bundan başqa, Rusiya hüquq-mühafizə orqanları bu il nəqliyyat obyektlərində 49, yanacaq-enerji kompleksinin obyektlərində isə 17 diversiya-terror aktının qarşısını alıb.
13:13 11.08.2026
Oxunuş sayı: 42