Rusiya XİN: Aİ Avrasiya İqtisadi İttifaqını parçalamağa çalışır
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr arasında parçalanma yaratmağa çalışdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “İzvestiya”ya müsahibəsində bu barədə danışıb.
Pankin bildirib ki, Aİ nümayəndələri ayrı-ayrı ölkələrə və qrup görüşlərinə səfərlər edərək, reallaşması mümkün olmayan vədlər verirlər.
Onun sözlərinə görə, hazırda əsas vəzifə ittifaqın parçalanmasının qarşısını almaqdır. Pankin xüsusilə ittifaqa üzv dövlətlərdən birinin rəhbərliyinin mövqeyinin bu baxımdan nəzərə alınmalı olduğunu deyib.
Rusiya rəsmisi Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunun qəbulundan sonra Brüssellə yaxınlaşma siyasətini davam etdirdiyini qeyd edib.
Pankin həmçinin Aİİ-nin müşahidəçi statusunda yeni ölkələr hesabına genişlənə biləcəyini istisna etməyib. O bildirib ki, Qərbin yaratdığı logistika və digər çətinliklər nəzərə alınarsa, ittifaqın genişlənməsi əlavə iqtisadi və bürokratik yükə səbəb ola bilər.
11:27 11.08.2026
Oxunuş sayı: 40