Ərdoğandan Avropaya mesaj: Türkiyə Orta Dəhlizdə yeni tərəfdaş axtarır
Türkiyə Avstriya ilə Orta Dəhliz çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Kristian Ştokerlə birgə mətbuat konfransında bildirib.
Ərdoğan Ankara ilə Vyana arasında yaşıl enerji, kritik əhəmiyyətli faydalı qazıntılar, yüksək texnologiyalar, nəqliyyat və müdafiə sənayesi sahələrində böyük əməkdaşlıq potensialının olduğunu qeyd edib.
Türkiyə lideri Orta Dəhlizin gücləndirilməsinə yönəlmiş strateji əməkdaşlığın birgə həyata keçirilə biləcəyini vurğulayıb.
Ərdoğan həmçinin Avropa İttifaqının xüsusilə Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması üzrə dialoqla bağlı atacağı addımların bütün tərəflərin maraqlarına cavab verdiyini bildirib.
Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünün və birliyinin təmin edilməsinin Ankara üçün əsas prioritet olaraq qaldığını deyib. O, Avstriyanın Suriyanın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Ərdoğan Yaxın Şərqdə davamlı sülhün təmin edilməsi üçün iki dövlətli həll prinsipinə sadiq olduqlarını da vurğulayıb.
20:16 10.08.2026
Oxunuş sayı: 39