Putindən nəqliyyat sektoruna sərt mesaj: Bu sahədə hələ çox problem var
Rusiya Prezidenti Vladimir Putin ictimai nəqliyyat sahəsində xidmətlərin əhalinin tələblərinə uyğun təşkil edilməsinin vacibliyini bildirib və bu istiqamətdə bir sıra tapşırıqlar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ictimai nəqliyyat parkının yenilənməsi təkbaşına rahat xidmətə zəmanət vermir.
Onun sözlərinə görə, sərnişindaşıma təhlükəsiz və əlçatan olmalıdır.
Putin ictimai nəqliyyat sahəsində problemlərin hələ də kifayət qədər olduğunu vurğulayıb və xidmətlərin səmərəliliyinin artırılması üçün süni intellekt imkanlarından daha fəal istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, Moskva, Nijni Novqorod, Çelyabinsk və Omsk ictimai nəqliyyatın rahat təşkili baxımından lider şəhərlərdir.
Prezident regionlara dayanacaqların və nəqliyyat infrastrukturunun təchizatı üçün ayrılan məqsədli subsidiyalardan istifadə istiqamətlərinin genişləndirilməsini təklif edib.
Putin ictimai nəqliyyatın inkişafının böyük maliyyə tələb etdiyini və regionlarda sərnişindaşıma sahəsinin maliyyələşmə baxımından ən həssas istiqamətlərdən biri olaraq qaldığını bildirib.
O, sərnişindaşıma sahəsində hələ də fəaliyyət göstərən vicdansız və yarımməxfi strukturların aradan qaldırılması və bu sahədə nizam-intizamın yaradılmasının vacibliyini vurğulayıb.
Putin Rusiyanın tarixi ərazilərində ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməli və rahat marşrutların təşkil olunmalı olduğunu deyib.
Rusiya lideri, həmçinin zəmanətçi daşıyıcı anlayışının hazırda qanunvericilikdə yer almadığını, lakin bu istiqamətin perspektivli ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, belə mexanizmin tətbiqi nəqliyyat vasitələrinin alınmasının daha planlı həyata keçirilməsinə kömək edə bilər. Bununla belə, bu model inhisarlaşma riskini də artıra bilər.
Putin regionlararası və şəhərətrafı sərnişindaşıma sahəsində bütün zəruri qərarların qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Rusiya prezidenti nəqliyyat vasitələrinin alınması üzrə uzunmüddətli müqavilələrə keçidin isə istehsalçı müəssisələr üçün planlaşdırmanı asanlaşdıra biləcəyini vurğulayıb.
19:05 10.08.2026
Oxunuş sayı: 39