KİV: Britaniya hərbi PUA-ları Çinə məlumat ötürüb
Britaniya dəniz piyadalarının xüsusi təyinatlı əməliyyatlarda istifadə etdiyi K3 Scout pilotsuz uçuş aparatlarının kameralarında Çin istehsalı komponentlər aşkarlanıb.
Crossmedia.az “The Telegraph”-a istinadən xəbər verir ki, PUA-lardakı avadanlıq Çində yerləşən IP ünvanına məlumat göndərib.
Məsələ aşkarlandıqdan sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi kameraların internet bağlantısını tamamilə deaktiv edib.
Nazirlik bildirib ki, aparılan araşdırma nəticəsində Çinə məxfi məlumatların, görüntülərin, səs yazılarının, koordinatların və ya hərbi planların ötürüldüyü müəyyən edilməyib. Məlumata görə, söhbət yalnız cihazın internetə qoşulduğunu və işlək vəziyyətdə olduğunu təsdiqləyən texniki məlumatlardan gedib.
Bununla belə, “The Telegraph”a danışan mənbə hadisəni komponentlərin mənşəyinin yoxlanılmasında ciddi uğursuzluq kimi qiymətləndirib və PUA platformasına etimadın itdiyini bildirib. Aparatların xüsusi təyinatlı qüvvələrin həssas obyektlərinin və tədbirlərinin yaxınlığında istifadə oluna bilməsi də narahatlıq doğurub.
Məlumata görə, həmin PUA-ların Böyük Britaniyanın gələcək yardım paketinin tərkibində təqdim edilərək Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə yönəlmiş əməliyyatlarda istifadəsi də planlaşdırılırdı.
18:58 10.08.2026
Oxunuş sayı: 36