“Patriot” istehsalçıları Ukraynanın raketləri daha ucuz istehsal etməsindən ehtiyatlanır
ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalçıları Ukraynaya raketlərin istehsalı üçün lisenziya verilməsinin mümkün nəticələrindən narahatdır.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, “Raytheon” və “Lockheed” Ukraynaya lisenziya vermək istəməmələrini əqli mülkiyyətin oğurlanması və həssas texnologiyaların sızması riski ilə izah edirlər. Lakin sövdələşməni dəstəkləyən respublikaçı bir məmurun sözlərinə görə, şirkətlərin başqa narahatlığı da var. Belə ki, Ukraynanın “Patriot” raketlərini təkmilləşdirərək onları ABŞ-dakı istehsal xətlərindən daha sürətli və xeyli ucuz şəkildə kütləvi istehsal edə biləcəyi ehtimal olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Co Bayden administrasiyası dövründə belə bir lisenziya istəyib, lakin Kiyev həmin vaxt səbəb açıqlanmadan rədd cavabı alıb. Zelenski iyulun 28-də Donald Trampla görüşündə məsələni yenidən gündəmə gətirib.
İki gün sonra Tramp “Patriot” texnologiyalarının ötürülməsi məsələsində “çox ehtiyatlı” olmaq lazım olduğunu bildirib. Lakin avqustun 8-də Zelenski Trampla lisenziya məsələsində razılıq əldə edildiyini açıqlayıb. Vaşinqton isə bunu hələ rəsmi şəkildə təsdiqləməyib.
Nəşr qeyd edir ki, məsələ Ukrayna üçün kritik əhəmiyyət daşıyır. Ölkənin raket əleyhinə müdafiə vasitələrinin ehtiyatları azalır, eyni zamanda Rusiya ballistik raket hücumlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
ABŞ-ın özü də son aylarda Yaxın Şərqdə “Patriot” sistemləri üçün raket ehtiyatlarının əhəmiyyətli hissəsindən istifadə edib. Bu səbəbdən Tramp daha əvvəl Zelenskinin əlavə “bir neçə yüz” raketin göndərilməsi ilə bağlı xahişini rədd edib.
“The Atlantic” bildirir ki, lisenziya verilsə belə, bu, problemin qısa müddətdə həllinə imkan verməyəcək. Tammiqyaslı istehsalın qurulması illər çəkə bilər. Uzunmüddətli perspektivdə isə Ukrayna xarici tədarüklərdən asılılığı tam aradan qaldıraraq raket əleyhinə müdafiə vasitələrini özü istehsal etmək istəyir.
14:10 10.08.2026
Oxunuş sayı: 48