Ukrayna kəşfiyyatı: Rusiya raket istehsalı planını artırır
Rusiya əsas raket növlərinin istehsalı üzrə planları artıqlaması ilə yerinə yetirir və bu səbəbdən Ukraynaya zərbələrdə fasilə gözlənilmir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bu barədə məlumat yayıb.
GUR rəhbərinin müavini Vadim Skibitskinin sözlərinə görə, Rusiya qüvvələri yalnız ayrı-ayrı hədəflərə yönəltdiyi raketlərin sayını azaltmaq və zərbələri digər obyektlərə keçirmək imkanına malikdir. Bunun isə Rusiyanın istehsal edə biləcəyi silahların həcmindən asılı olduğu bildirilib.
Məlumata görə, Rusiyada raket istehsalı hazırda yüksək templə davam edir. İyul ayında 60 ədəd istehsal edilməsi planlaşdırıldığı halda, 65 "İsgəndər-M" ballistik raketi istehsal olunub. Kəşfiyyatın məlumatına görə, avqustun 5-nə Rusiyanın Ukraynaya qarşı istifadə üçün təxminən 130 belə raketi qalıb.
Rusiya digər raketlərin istehsalını da artırır. İyul ayında "X-101" raketləri üzrə istehsal planı 140 faiz, "Kalibr" raketləri üzrə isə 111 faiz yerinə yetirilib.
Skibitskinin sözlərinə görə, hazırda Rusiyanın əsas hədəfləri arasında Ukraynanın müdafiə sənayesi müəssisələri, dəmir yolları, limanlar, gəmiçilik və digər logistika obyektləri yer alır. Enerji infrastrukturu da zərbələrin hədəfindədir.
Bildirilib ki, Rusiya həmçinin mülki infrastruktura zərbələr endirir. Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, bu hücumlarla ölkədə panika yaratmaq və vəziyyəti sabitsizləşdirmək məqsədi güdülür.
14:16 10.08.2026
Oxunuş sayı: 41