Rusiya “Geran”ların istehsalını yenidən qurur
Rusiya zərbə dronlarının istehsalını yenidən təşkil edərək daha sürətli pilotsuz uçuş aparatlarının istehsalına üstünlük verir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bu barədə məlumat yayıb.
Ukrayna kəşfiyyatının rəhbər müavininin sözlərinə görə, Rusiyada hazırda zərbə dronlarının istehsalı yenidən qurulur. Əsas diqqətin turboreaktiv mühərrikli "Geran-4" və "Geran-5" dronlarına yönəldiyi bildirilir.
Məlumata görə, istehsalın yenidən qurulması səbəbindən iyul ayında Rusiyanın dron istehsalı və hücumların intensivliyi müəyyən qədər azalıb. Bununla belə, kəşfiyyat bunun müvəqqəti xarakter daşıdığını bildirir.
Ukrayna tərəfinin məlumatına görə, son hücumlardan birində istifadə olunan dronların təxminən yarısını turboreaktiv "Geran"lar təşkil edib. Bu səbəbdən həmin dronların qarşısını almaq üçün daha yüksək sürətə uyğunlaşdırılmış və ya qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə ehtiyac yarandığı qeyd olunur.
Bildirilib ki, Rusiyanın hərbi-sənaye kompleksinin avqust ayı üçün planında müxtəlif tipli 11 min zərbə dronunun istehsalı nəzərdə tutulur. Buraya "Geran", "Gerbera" və "Qarpia" tipli pilotsuz uçuş aparatları da daxildir.
14:05 10.08.2026
Oxunuş sayı: 41