Tayvan Çinə qarşı dron donanması yaradır
Tayvan mümkün Çin müdaxiləsinə hazırlaşaraq hava və dəniz pilotsuz aparatlarından ibarət geniş dron donanması yaratmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Taypey Ukraynanın müharibə təcrübəsini öyrənir və mümkün Çin müdaxiləsi zamanı Çin Xalq Respublikasının qoşunlarını adaya yaxınlaşarkən aşkarlamaq və onlara zərbələr endirmək üçün pilotsuz sistemlərə üstünlük verir.
Planlara həm hava dronları, həm də pilotsuz zərbə katerləri daxildir. Bu vasitələrin əsas məqsədi Çin qoşunlarının adaya çıxarılmasını mümkün qədər çətinləşdirmək və Tayvan ordusuna əsas müdafiəni hazırlamaq üçün vaxt qazandırmaqdır.
Tayvan Ukraynanın uzaqmənzilli zərbələr təcrübəsini də öyrənir. Bu təcrübənin Pekinin hərbi əməliyyata başlaması halında Çin limanlarından çıxacaq hərbi gəmilərə mümkün hücumlar üçün nümunə kimi nəzərdən keçirildiyi bildirilir.
Tayvanın planına əsasən, 2030-cu ilədək ayda 100 min pilotsuz aparat istehsal olunması nəzərdə tutulur. Onların təxminən yarısının ixrac edilməsi planlaşdırılır.
Bundan əlavə, Tayvan ordusunun 210 mindən çox hava və dəniz pilotsuz aparatı satın almağı planlaşdırdığı qeyd olunur.
13:38 10.08.2026
Oxunuş sayı: 49