iPhone almaq istəyənlər gecikməsin: Bazarda qıtlıq təhlükəsi var
Apple şirkəti yaddaş çiplərinin tədarükündə yaranan problemlər fonunda Çinin ChangXin Memory Technologies (CXMT) şirkətini əlavə təchizatçı kimi cəlb etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Məlumata görə, Apple süni intellekt texnologiyalarının inkişafı fonunda yaddaş çiplərinə tələbatın artması və onların bahalaşması səbəbindən CXMT-nin istehsal etdiyi çipləri sınaqdan keçirir.
CXMT ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə əlaqələrinə görə məhdudiyyət tətbiq etdiyi şirkətlər siyahısındadır. Bu səbəbdən onunla mümkün əməkdaşlıq Apple üçün müəyyən hüquqi və kommersiya riskləri yarada bilər.
Nəşrin məlumatına görə, CXMT çipləri iPhone və MacBook da daxil olmaqla müxtəlif cihazlarda sınaqdan keçirilir. Apple şirkətinin Çində satılacaq bəzi cihazlarda bu komponentlərdən istifadə imkanını müzakirə etmək üçün CXMT ilə danışıqlar apardığı da bildirilir.
ABŞ-in məhdudlaşdırıcı qaydalarına əsasən, amerikalı şirkətlər qara siyahıya salınmış Çin şirkətlərinə öz texnologiyalarını ötürə və məhsulların texniki xüsusiyyətləri barədə məlumat verə bilməz. Buna görə Apple CXMT-dən öz tələblərinə uyğun xüsusi çip sifariş edə bilməz. Bununla belə, şirkət CXMT-nin istehsal etdiyi standart komponentləri əldə edə və onların qiyməti ilə bağlı danışıqlar apara bilər.
Bundan əvvəl Apple-ın tələb etdiyi həcmdə operativ yaddaş modullarının tədarükündə problemlər yarandığı bildirilmişdi. Yaddaş çatışmazlığı səbəbindən Apple üçün əsas prosessor istehsalçılarından biri olan TSMC-nin 1 milyard dollar dəyərində tamamlanmamış çiplər topladığı da qeyd olunub.
Analitik Tim Kalpan isə hesab edir ki, Apple iPhone 18 Pro və şirkətin ilk qatlanan smartfonunu təqdim etdikdən dərhal sonra bazarda bu cihazların çatışmazlığı yarana bilər.
21:50 09.08.2026
Oxunuş sayı: 50