İrandan ABŞ və İsrailə sərt addım: Hörmüz boğazına keçid qadağan edilir
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan edən qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, IRIB bu barədə məlumat yayıb.
“Strateji tədbirlər – Hörmüz boğazının təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi haqqında” qanun layihəsində ABŞ, İsrail və İrana düşmən münasibətdə olan digər ölkələrin gəmilərinin boğazdan keçməsinin qadağan edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, gəmilərin Hörmüz boğazından İsraillə əlaqəli istənilən yükü, o cümlədən hərbi və ya mülki təyinatlı yükləri daşımasına da icazə verilməyəcək.
Qanun layihəsinin tələblərinin pozulmasına görə daşınan yükün dəyərinin 20 faizinə qədər cərimə tətbiq edilməsi təklif olunur.
Bundan əvvəl Press TV İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd-Baqer Zülqədarın sözlərinə istinadən Tehranın ABŞ müəyyən şərtləri yerinə yetirməyənədək Hörmüz boğazını açmayacağını bildirmişdi.
İran rəsmisinin qeyd etdiyi şərtlər arasında İrana qarşı təhdidlərin dayandırılması, hərbi əməliyyatların sona çatdırılması, sanksiyaların və dəniz blokadasının aradan qaldırılması, ABŞ qoşunlarının çıxarılması və kompensasiya ödənilməsi yer alıb.
Daha əvvəl ABŞ-in İran limanlarının blokadası çərçivəsində təxminən 50 gəminin istiqamətini dəyişdirdiyi bildirilmişdi.
21:39 09.08.2026
Oxunuş sayı: 40