Keçmiş israilli sülh müzakirəçisi: “Netanyahu seçkiləri uduzacaq”
İsrailin keçmiş sülh müzakirəçisi Daniel Levy Baş nazir Benyamin Netanyahunun qarşıdakı seçkilərdə məğlub olacağını bildirib.
Crossmedia.az CNN Türk-ə istinadən xəbər verir ki, Levy İsrailin Qəzza zolağından çəkilmək niyyətində olmadığını iddia edib. O, İsrail hökumətinin HƏMAS-ın silahı yerə qoymasını tələb etdiyini, lakin bundan sonra hansı addımların atılacağı ilə bağlı aydın mövqe ortaya qoymadığını deyib.
Levy Qəzza ilə yanaşı, İordan çayının qərb sahilində də İsrailin hərbi fəaliyyətinin intensivləşdiyini bildirib. Onun sözlərinə görə, bölgədə davamlı sülhün əldə olunması üçün fələstinlilərin təhlükəsizlik və azadlığının təmin edilməsi vacibdir.
Keçmiş müzakirəçi İsraildə keçiriləcək seçkilərə də toxunaraq, sorğuların Netanyahu və onun koalisiyası üçün əlverişli olmadığını qeyd edib.
“Netanyahu uduzacaq”, - deyə Levy bildirib.
O, eyni zamanda problemin yalnız Netanyahu ilə məhdudlaşmadığını vurğulayıb. Levy İsraildəki sionist siyasi partiyaların böyük hissəsinin müharibəni dəstəklədiyini və fələstinlilərə qarşı münasibətdə geniş fikir birliyinin mövcud olduğunu deyib.
Levy gələcəklə bağlı ümidini itirmədiyini də bildirib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə israillilərin və fələstinlilərin birgə yaşaya biləcəyi daha ədalətli gələcəyin qurulması mümkündür.
18:46 09.08.2026
Oxunuş sayı: 39