Şimali Egey dənizində ilk mərcan transplantasiyası
Şimali Egey dənizində ilk dəfə sərt mərcan transplantasiyası həyata keçirilib və Bozcaada sahillərində aparılan araşdırmalar zamanı 180 dəniz canlısı növü qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "Haber Global" bu barədə məlumat yayıb.
"Bozcaada mərcan riflərinin qorunması" layihəsi çərçivəsində Sosial İqlim Dərnəyi və Çanaqqala Onsekiz Mart Universitetinin əməkdaşlığı ilə həyata keçirilən tədqiqatlar Tuzburnu-İncirliada bölgəsində aparılıb.
2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər 53 elmi dalış həyata keçirilib. 0-46 metr dərinlikdə ümumilikdə 904 kvadratmetr ərazi araşdırılıb.
Tədqiqat zamanı 10 müxtəlif canlı qrupuna aid 180 dəniz canlısı növü müəyyən edilib. Onlardan 29-nun beynəlxalq müqavilələr və Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı Siyahısına əsasən təhlükə altında və ya həssas növlər olduğu müəyyənləşdirilib. Bundan başqa, daha əvvəl bölgədə qeydə alınmayan 8 növ ilk dəfə elmə təqdim edilib.
Layihənin əsas istiqamətlərindən biri nəsli təhlükə altında olan daş mərcanın (Cladocora caespitosa) qorunması olub. Şimali Egey dənizində ilk dəfə həyata keçirilən sərt mərcan transplantasiyası zamanı balıqçılıq fəaliyyəti və qayıq lövbərləri səbəbindən təbii mühitindən qopan 50 mərcan koloniyası yenidən yaşayış ərazilərinə yerləşdirilib.
Araşdırmalar zamanı bölgədə 3 290 mərcan koloniyası sayılıb. Dib torları, balıqçılıq avadanlıqları və lövbərlərin təsiri nəticəsində zədələnmiş 67 ölü mərcan koloniyası da aşkarlanıb. Riflərin qorunması məqsədilə əraziyə qoruyucu şamandıralar yerləşdirilib.
Tədqiqatçılar bölgədə orfoz, lahoz, Avropa xərçəngi, Caretta caretta dəniz tısbağası, 36 süngər, 49 balıq və 22 molyusk növünün də yaşadığını müəyyənləşdiriblər.
Mütəxəssislər Tuzburnu Təbii Mərcan Rifləri Ərazisinin Türkiyənin Dəniz Mühafizə Əraziləri Sisteminə daxil edilməsini və mərcanların ən sıx yayıldığı 904 kvadratmetr sahədə balıqçılığın tamamilə qadağan olunmasını təklif ediblər.
18:36 09.08.2026
Oxunuş sayı: 45