Vətəndaşlıq almaq istəyənlər İMTAHAN VERƏCƏK
Finlandiya 2027-ci il martın 2-dən vətəndaşlıq almaq istəyənlər üçün xüsusi imtahan tətbiq edəcək.
Crossmedia.az xəbər verir ki, "Yle" bu barədə Finlandiya Miqrasiya Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, həmin tarixdən etibarən vətəndaşlıq üçün müraciət edən şəxslər Finlandiya cəmiyyəti haqqında biliklərini qiymətləndirən imtahan verməli olacaqlar.
İmtahanda ölkənin idarəetmə sistemi və əsas prinsipləri, qanunvericilik, fundamental insan hüquqları, bərabərlik, həmçinin Finlandiyanın tarixi və mədəniyyəti ilə bağlı suallar yer alacaq.
İmtahan yalnız 18-65 yaş arası əmək qabiliyyətli şəxslərə şamil olunacaq və elektron formada fin və ya isveç dilində keçiriləcək. Fin və ya isveç dilində lisey və ya ali məktəb bitirənlər imtahandan azad ediləcəklər.
2027-ci il martın 2-dək vətəndaşlıq üçün müraciət edən şəxslərdən isə imtahan tələb olunmayacaq.
İmtahanı Helsinki Universiteti hazırlayacaq. Universitet bununla yanaşı, tədris materiallarını hazırlayacaq və imtahanın sonrakı inkişafını da təmin edəcək.
17:13 08.08.2026
Oxunuş sayı: 37