İspaniya İtaliya ilə sərhəd yoxlamalarını gücləndirdi
İspaniya miqrasiya gərginliyi fonunda İtaliyadan hava və dəniz yolu ilə ölkəyə daxil olan sərnişinlər üçün müvəqqəti sərhəd nəzarəti tətbiq edib.
Crossmedia.az xəbər verir ki, "The Times of India" bu barədə məlumat yayıb.
Məlumata görə, yeni qaydalar avqustun 8-dən qüvvəyə minib və sentyabrın 7-dək, vəziyyət dəyişmədiyi təqdirdə, qüvvədə qalacaq. Əlavə yoxlamalar əsasən Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına şamil edilir. İspaniya vətəndaşları isə bu yoxlamalardan azaddır.
Qərar İspaniyanın Şimali Afrikadakı Seuta anklavına Mərakeşdən təxminən 78 min miqrantın daxil olmasından sonra qəbul edilib. İtaliya da bir həftə əvvəl İspaniyadan gələn qeyri-AB vətəndaşları üçün Şengen qaydalarının müəyyən hissəsini müvəqqəti dayandıraraq analoji tədbirlər görüb.
Madrid sərhəd nəzarətinin gücləndirilməsini davam edən qeyri-qanuni miqrasiya təzyiqi ilə əsaslandırıb. İtaliya isə tədbirlərin avqustun 15-dək qüvvədə qalacağını bildirib.
14:53 08.08.2026
Oxunuş sayı: 89