İnsan Ayı da dəyişdirdi: 190 tonluq kosmik tullantı təhlükəsi artır
ABŞ-nin SpaceX şirkətinə məxsus Falcon 9 raketinin ikinci pilləsi Aya çırpılıb.
Crossmedia.az bu barədə ˝TASS- istinadən xəbər verir.
Raket hissəsi 2025-ci ilin yanvarında ABŞ-nin Firefly Aerospace şirkətinə aid Blue Ghost Ay eniş aparatının buraxılışında iştirak edib.
Məlumata görə, Blue Ghost modulu 15 yanvar 2025-ci ildə Ay səthinə enib və şirkət bunu özəl sektora məxsus aparatın Aya ilk tam uğurlu enişi kimi qiymətləndirib.
Lakin kosmosda qalan Falcon 9-un ikinci pilləsi təxminən bir il sonra astronomların diqqətini çəkib. Həvəskar astronomlar hesab ediblər ki, idarəolunmayan raket hissəsi Ayla toqquşa bilər. Bu ehtimal daha sonra ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən də təsdiqlənib.
NASA-nın hesablamalarına əsasən, raketin hissəsi avqustun 5-də Moskva vaxtı ilə saat 08:35-də Ay səthinə düşüb. Toqquşma nəticəsində təxminən 18 metr diametrində və 3,6 metr dərinliyində krater yaranmalı idi.
NASA bildirib ki, hadisəni izləyib və vəziyyətə nəzarət edib. Lakin qurum Yer səthindən belə kiçik kosmik obyektlərin düşmə anını dəqiq izləməyin çətin olduğunu qeyd edib.
Avropa Cənub Rəsədxanasının alimləri ilə birlikdə aparılan müşahidələr nəticəsində Falcon 9 hissəsinin Aya düşməsi qeydə alınıb. Çilidə yerləşən Paranaldakı rəsədxanada aparılan müşahidələr zamanı alimlər toqquşmadan sonra yaranan qaz buludunda natrium və litium buxarlarının izlərini aşkarlayıblar.
Alimlərin sözlərinə görə, bu bulud təxminən 5-10 dəqiqə müşahidə olunub. Lakin nəticələrin ilkin məlumatlar olduğu bildirilib.
˝BBC˝ qeyd edir ki, hazırda Ayın səthində ümumi çəkisi təxminən 190 ton olan 3 minə yaxın süni obyekt yerləşir.
İnsan kosmosu dəyişdirir
İnsanın kosmik fəaliyyətə başlaması min illər ərzində dəyişməyən gecə səmasının görünüşünü dəyişib. 1957-ci il oktyabrın 4-də Yer orbitinə ilk süni peyk — Sputnik-1 göndərilib.
Lakin peykin özü çox kiçik olduğuna görə onu müşahidə etmək çətin idi. İnsanlar daha çox onun ardınca orbitdə hərəkət edən iri raket blokunu ilk peyk kimi görürdülər.
1959-cu ildə Sovet İttifaqının Luna-1 avtomatik stansiyası Aya uçuş zamanı natrium buxarlarından ibarət bulud yaradıb. Bu, tarixdə ilk süni kometa kimi müşahidə olunub.
Həmin ilin sentyabrında isə Luna-2 aparatı ilk dəfə süni obyekt kimi Ay səthinə çırpılıb.
ABŞ-nin Ay təcrübələri
1969-cu ildə Apollo 11 missiyası zamanı amerikalı astronavtlar Ay səthində seysmik cihaz yerləşdiriblər. Bu cihaz Ay zəlzələlərini və meteorit düşmələrini qeydə almaq üçün istifadə olunub.
Sonrakı Apollo missiyaları zamanı da raket hissələrinin Ay səthinə qəsdən çırpılması və yaranan seysmik dalğaların ölçülməsi həyata keçirilib. Bu təcrübələr alimlərə Ayın daxili quruluşu haqqında daha çox məlumat əldə etməyə imkan verib.
Kometa üzərində eksperiment
2005-ci ildə NASA-nın Deep Impact missiyası zamanı kosmik aparat Tempel-1 kometinə xüsusi zond göndərib. 372 kiloqramlıq zond kometə çırpılıb və nəticədə təxminən 150 metr diametrində krater yaranıb.
Eksperiment nəticəsində alimlər kometanın səth qatının çox məsaməli olduğunu, tərkibində su buzu və üzvi birləşmələr olduğunu müəyyən ediblər.
Asteroidə zərbə: Yer kürəsini qoruma sınağı
2022-ci ildə NASA potensial təhlükəli asteroidlərdən qorunmaq üçün DART missiyasını həyata keçirib.
Kosmik aparat Dimoрf asteroidinə saniyədə təxminən 6,6 kilometr sürətlə çırpılıb. Nəticədə asteroidin orbit dövrü 33 dəqiqə azalıb.
Alimlər hesab ediblər ki, bu nəticə gələcəkdə Yerə təhlükə yarada biləcək asteroidlərin istiqamətinin dəyişdirilməsi üçün mühüm addımdır.
NASA bildirib ki, DART missiyasının uğuru bəşəriyyətin kosmik təhlükələrə qarşı mübarizə imkanlarını artırıb.
Bununla belə, bəzi alimlər hesab edirlər ki, yalnız zərbə üsulu böyük asteroid təhlükələrinin qarşısını almaq üçün kifayət etməyə bilər və daha güclü müdaxilə üsulları tələb oluna bilər.
Ekspertlər vurğulayırlar ki, planetar müdafiə yalnız bir ölkənin deyil, bütün kosmik dövlətlərin birgə fəaliyyətini tələb edən qlobal məsələdir.
01:30 08.08.2026
Oxunuş sayı: 64